Avropa Şurası Katibliyinin nümayəndə heyəti Baş Prokurorluqda olub

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb

  • 19

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 09:19

Azərbaycan Respublikası baş prokurorunun müavini Namiq Əsgərov Avropa Şurası Katibliyinin hüquqi məsələlər və qanunun aliliyi üzrə direktoru Filip Buaya və siyasi məsələlər üzrə direktoru Aleksandr Qessel ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən İnterAz-a bildiriblər ki, görüşdə Namiq Əsgərov Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verildiyini vurğulayıb. Baş prokurorun müavini Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən konkret işlər barədə ətraflı məlumat verib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran Namiq Əsgərov respublikamızda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini qeyd edib. Eyni zamanda, cinayət təqibi zamanı insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində prokurorluğun rolu və bu istiqamətdə respublikanın digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqələrin qurulduğu xüsusi vurğulanıb.

Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edən Filip Buaya əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir edib. O, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı fikirlərini bildirib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç də iştirak edib.