“Mən Azərbaycan vətəndaşıyam” deyən erməni əsirin xəbəri sosial şəbəkələrdə mübahisə predmetinə çevrilib

İnterAz-ın rəsmi “Youtube” səhifəsində yayımlanan videoya təxminən 70 min nəfər baxıb

Bakı, Nazilə Xaqani, İnteraz - 20 Aprel 2017, 12:46

"Mən Azərbaycan vətəndaşıyam, dövlətimin bayrağını saxlamaq olmaz? Bu mənim dövlətimin bayrağıdır, niyə düzəltməyim?".

"Qarabağ - əsirlər və girovlar, Közərən Xaç" adlı sənədli filmində Azərbaycanda həbsxanada cəza çəkən erməni əsir Arsen Baqdasaryanın dediyi bu sözlər sosial şəbəkələrdə böyük əks-səda doğurub.

Əsirin dediyi sözlər Azərbaycan mətbuatı və ictimaiyyətində geniş mübahisə predmetinə çevrilib. Tək İnterAz-ın rəsmi “Youtube” səhifəsində xəbərə təxminən 70 min nəfər baxıb. Erməni əsirin müsahibəsində səsləndirdiyi fikirlər isə hər kəs tərəfindən birmənalı qarşılanmayıb.

Yüzlərlə şərh yazılan videoda bəzi şəxslər erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə göstərilən münasibətlə müqayisədə bizim çox tolerant olduğumuzu, əsirə qarşı daha sərt rəftar etməli olduğumuzu düşünür. Digərləri isə hesab edir ki, erməni əsirin Azərbaycan dilində danışması, Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirməsi onun bizim ölkəmizdə qalması üçün oynadığı siyasi oyundur.

Qeyd edək ki, o, 2014-cü ilin dekabrında müdafiə mövqelərində piyada əleyhinə minalar basdırarkən tutulub. 15 il azadlıqdan məhrum edilən Baqdasaryan cinayət törətdiyini etiraf edib.