Lənkəranda altı günlük körpəni kimin öldürdüyü məlum olub

Körpənin nənəsi Atifə Nurullayeva istintaqa ifadəsində nəvəsini öldürərək quyuya atdığını etiraf edib

Bakı, Nazilə Xaqani, İnteraz - 03 Avqust 2017, 15:12

Lənkəranda 6 günlük körpənin nənəsi Atifə Nurullayeva tərəfindən öldürüldüyü məlum olub.

Rayon prokurorluğundan İnterAz-a verilən məlumata görə, Atifə Nurullayeva istintaqa ifadəsində nəvəsini öldürərək quyuya atdığını etiraf edib.

Həmçinin A.Nurullayeva istintaqa ifadəsində körpənin yatan yerdə bədəninə iynələr yeritdiyini də etiraf edib. Nəvəsini öldürməyinə səbəb kimi isə, ailənin ikinci övladının da qız olmasını göstərib.

A.Nurullayeva öldürülən körpənin nənəsi olmaqla yanaşı, həmçinin körpənin anasının xalası olub.

Qeyd edək ki, hadisə ilə bağlı DİN də rəsmi məlumat yayıb. Rəsmi məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.

Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.

Hadisə yerinə gələn Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar Lənkəran rayon prokurorluğunda cinayət işi başlanılıb.