Azərbaycan vətəndaşları Qətərdə 30 gün vizasız qala biləcək

Vətəndaşlar sənədin daha 30 gün uzadılması üçün müraciət edə biləcək

Bakı, Nazilə Xaqani, İnteraz - 09 Avqust 2017, 15:43

Qətər 80 ölkənin vətəndaşlarını vizadan azad edib.

İnterAz xəbər verir ki, bu barədə Qətər turizm qurumu, Qətər hava yolları və Daxili işlər nazirliyinin keçirdiyi ortaq mətbuat konfransında məlumat verib.

Qətər turizm qurumunun sədri Həsən əl-İbrahimi ölkə rəhbərliyinin 80 ölkəni vizadan azad edərək turizm sahəsində tarixi bir dəyişiklik həyata keçirdiyini deyib.

Viza sərbəstliyinin tətbiq edildiyi ölkələrin müəyyən kriteriyalara görə seçildiyini dilə gətirən İbrahimi araşdırmaların davam edəcəyini və siyahıya mərhələli şəkildə yeni ölkələrin əlavə ediləcəyini qeyd edib.

Hamed beynəlxalq hava limanının pasport yoxlaması müdiri Rəşid əl-Mezrui isə 80 ölkə vətəndaşlarının Qətərə girişləri zamanı hər hansı məbləğ ödəməyəcəyini ifadə edib.


80 ölkənin vətəndaşları ölkəyə giriş zamanı pulsuz verilən “birdən çox giriş sənədi”ni təmin edəcək.

Hansı ölkənin vətəndaşı olmasından asılı olaraq sənədi 180 gün ərzində keçərli olan insanlar Qətərdə ümumilikdə 90 gün qala biləcək.

Sənədi 30 gün üçün keçərli olanlar isə ölkədə ən çox 30 gün qala biləcək. Amma bu şəxslər sənədin daha 30 gün uzadılması üçün müraciət edə biləcək.

Yayımlanan siyahıda 80 ölkədən 33-nün 180 günlük, 47 ölkənin isə 30 günlük sənədi ala biləcəyi qeyd edilib. Azərbaycan vətəndaşları ikinci siyahıya aiddir.