“Nəriman Nərimanov” tankeri əsaslı təmir edilir

Üzən vasitənin elektrik avadanlıqları və idarəetmə sistemləri yoxlanılıb və hazırda təmir işləri davam etdirilir

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 11 Avqust 2017, 17:43

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin Nəqliyyat Donanmasına məxsus “Nəriman Nərimanov” tankeri “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmirdədir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən İnterAz-a bildirilib ki, gəmidə olan bütün maşın və mexanizmlər, baş və köməkçi mühərriklər, boru sistemləri, eləcə də nasoslar, separatorlar, soyuducular, kompressorlar sökülərək əsaslı təmir olunur.

Üzən vasitənin elektrik avadanlıqları və idarəetmə sistemləri yoxlanılıb və hazırda təmir işləri davam etdirilir. Tankerin gövdə hissəsində, yük anbarlarında və ballast çənlərində metalların keyfiyətini müəyyənləşdirmək üçün qüsur baxışı keçirilib və gövdə-qaynaq işlərinin təxminən 80 faizi yerinə yetirilib. Sualtı hissəsinə, sükan və köməkçi qurğularına, kinqston qutularına, lövbər zəncirlərinə ətraflı baxış keçirilməsi məqsədilə tanker 6 min ton yükqaldırma qabiliyyəti olan tərsanəyə qaldırılıb.

Tərsanədə təmir işləri başa çatdırıldıqdan sonra gəminin sualtı və suüstü hissələri rənglənəcək. Tərsanədə görüləsi işlər 15 gün ərzində başa çatdırılacaq və sonradan təmir işləri zavodda davam etdiriləcək.

Uzunluğu 125,06 metr, eni 16,63 metr olan tankerin maksimal sürəti 11,3 uzeldir. Maye yüklərin daşınmasında istifadə edilən gəminin təmirdən çıxması sentyabr ayının axırlarına planlaşdırılır.