Gürcüstanda azərbaycanlı qardaşlar narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunublar

Təqsirləndirilən şəxslərin sistematik olaraq narkotik vasitələri satdıqları müəyyən olunub

Bakı, Azər İsrafilov, İnteraz - 12 Avqust 2017, 15:47

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisinin azərbaycanlılar sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.

İnterAz-a Gürcüstan DİN-dən aldığı məlumata görə, iki qardaş - 1989-cu il təvəllüdlü N.C. və 1976-cı il təvəllüdlü M.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.

Təqsirləndirilən şəxslərin sistematik olaraq narkotik vasitələri satdıqları müəyyən olunub.

Saxlanılan şəxslərin evində aparılan axtarış zamanı 33 bağlama heroin müsadirə olunub.

Həbs olunanların qohumları və qonşuları bu ittihamın əsassız olduğunu bildiriblər.

Ailə üzvü Samrat Cəfərovun sözlərinə görə, narkotik vasitə qardaşlarını şərləmək məqsədilə evə atılıb. O, DİN-i qardaşlarını azad etməyə və müstəqil ekspertiza təyin etməyə çağırıb. Saxlanılan şəxslərin yaxınları baş verənlərin qonşularla mövcud münaqişə ilə bağlı olduğunu istisna etmirlər.