Professor Yusif Babanlı prezident İlham Əliyevə məktub ünvanlayıb

Məktubda Yusif Babanlı "Ən gənc professor" elmi adı aldığına görə dövlət başçısına minnətdarlıq edib

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 16 Avqust 2017, 13:50

Pedaqogika üzrə fəlsəfə doktoru, professor Yusif Məmməd oğlu Babanlı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

SalamNews-un məlumatına görə, məktubda Yusif Babanlı "Ən gənc professor" elmi adı aldığına görə dövlət başçısına minnətdarlıq edib: "Mənə 33 yaşında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilmişdir. İcazə verin, "Ən gənc professor" elmi adı aldığıma görə Zati-alinizə böyük təşəkkürümü və minnətdarlığımı ifadə edim. Bu, mənim zəhmətimdən daha çox Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Sizin rəhbərliyinizlə yeni mərhələdə inam və uğurla həyata keçirilən elm, təhsil, gənclər və idman strategiyasının bizə yaratdığı əlverişli mühitin təzahürüdür. Sizin birbaşa diqqət və qayğınızla əhatə olunan gənclər sektoru digər sahələr kimi dinamik inkişafı ilə seçilir".

Məktubda qeyd olunur ki, istər elm-təhsil, istərsə də gənclər-idman sahəsində əldə olunan nailiyyətlər bunu deməyə əsas verir: "Bundan sonra da Sizin rəhbərliyinizlə aparılan mükəmməl siyasəti dəstəkləyəcək və bu siyasətin tələblərinin yerinə yetirilməsinə daha böyük səylər göstərəcəyəm. Əziz Prezidentimiz, biz gənclərə yaratdığınız hərtərəfli şəraitə görə Sizə bir daha dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm".