ATV-nin rəhbəri vəzifəsindən azad edilib

Onun işdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında dövlətin əlehinə ifadələr işlətməsi olub

Bakı, Nazilə Xaqani, İnteraz - 26 Sentyabr 2017, 14:34

ATV prezidenti Vüqar Qaradağlı telekanaldan uzaqlaşdırılıb.

İnterAz "Qafqazinfo"ya istinadən xəbər verir ki, işdən çıxarılmasına səbəb Turan İbrahimovun proqramında dövlətin əlehinə ifadələr işlətməsi olub. Kanalın idarəçiliyi isə müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

“Qafqazinfo”nun bundan öncə verdiyi məlumatda qeyd edilirdi ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli ATV telekanalındadır. TV-də xüsusi iclas keçirilir. Kanal rəhbərliyinin verilən tövsiyələri nəzərə almaması, Turan İbrahimovun və digər simaların efirdən uzaqlaşdırılmasının tələb olunmasına baxmayaraq, onlara yenidən meydan verilməsi və özlərinin bəyan etdiyi kimi, “qaldıqları yerdən davam etmələri” məsələni daha da kəskinləşdirib. 

Məlum olub ki, T. İbrahimovun MTRŞ-yə, konkret olaraq hökumətin TV siyasətinə qarşı meydan oxuması bütövlükdə ATV rəhbərliyinin başını bəlaya salıb. Bu şou-biznes uşağının başından böyük mövzulara müraciət edərək iqtidara az qala dərs keçməsi bağışlanmaz həddə çatıb. Hətta belə mənzərə yaranıb ki, Azərbaycanda televiziya efirində kimlərinsə maraqları bilərəkdən tənqid olunur. Halbuki, ölkədə hansısa TV-nin efirində kiminsə hər hansı bir qrupun maraqlarını müdafiə etməsi və ya əksinə tənqid etməsi qəti yol verilməzdir.

Azxeber.com hadisənin geniş təfərratını yayıb.

Bildirilir ki, hələ yay tətilindən əvvəl Turan İbrahimovun kəskin ritorikası və hakimiyyətə dərs keçmək cəhdləri ölkə rəhbərliyi tərəfindən anti-iqtidar mövqeyi kimi dəyərləndirilib və kanalın prezidenti Vüqar Qaradağlıya məsələ ilə bağlı ölçü götürülməsi barədə bir neçə dəfə tapşırıq verilib. Əsasən də Turanın istər fərdi qaydada ayrı-ayrı məmurları aşağılaması və təhqir etməsi, istərsə də sistem şəklində iqtidarın müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi siyasəti məsxərəyə qoyması hiddət doğurub. Lakin xəbərdarlıqlardan heç bir nəticə çıxarmayan V.Qaradağlı sonda kəskin şəkildə danlanılıb və ondan verilişin dayandırılması və T.İbrahimovun telekanaldan uzaqlaşdırılması tələb olunub.

Mayda "ATV Səhərin” efirdən çıxması da, bəyan edildiyi kimi, yay tətili ilə bağlı deyil, məhz bu tapşırığın nəticəsi olub. Lakin Qaradağlı T.İbrahimovu işdən çıxarmayıb və o, əvvəlki vəzifəsində qalaraq digər sahələrdə fəaliyyətini davam etdirib. 

Bir həftə bundan öncə yenidən efirə qayıdan "ATV Səhər”in informasiya siyasəti nəinki dəyişmədi, hətta daha da kəskin forma aldı. "26-lar” kafesi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov kəskin tənqid və təhqir olundu, bütün bu proses ssenaristi və rejissoru bəlli olan, Konstitusiya və hüquq normalarına zidd tragikomediya kimi qələmə verildi. 


Məlumata görə, Hacıbala müəllim də ona qarşı aparılan çirkin kampaniyanı, T.İbrahimovun "millət dərslərini” xüsusi diskə yazdıraraq aidiyyəti şəxslərə təqdim edib. Bundan başqa, həftə ərzində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadınin hədəfə götürülməsi, Milli Məclis, deputatlar, icra hakimiyyəti orqanları, dövlətin kadr siyasəti və s. haqqında aşağılayıcı fikirlərin səsləndirilməsi, bir sözlə özündən müştəbeh birisinin dövlət başçısını təbliğ etmək adı altında hakimiyyətə "ağıl və millət dərsləri” keçmək cəhdini əzmlə davam etdirməsi də diqqətdən yayınmayıb.

Üstəlik, "Yoxlama” verilişinin müəllifi və aparıcısı Azər İsmayılovun hiddət doğuran özbaşınalığı, xəbərlər proqramında və digər verilişlərdə dövlət maraqlarına zidd xəttin yürüdülməsi və digər bu kimi məsələlər telekanalda V.Qaradağlının və onun yaxın ətrafının mövqeyindən irəli gələn anti-iqtidar mühitinin hökm sürdüyü barədə rəyi möhkəmləndirib. Məlumata görə, artıq dünən ATV-dəki mühitin sağlamlaşdırılmasına dair qəti tapşırıq verilib və lazımi prosedurların həyata keçirilməsinə başlanılıb. Bu gündən "ATV səhər”in fəaliyyəti dayandırılıb, Turan İbrahimov da telekanaldan uzaqlaşdırılıb. Gün ərzində Vüqar Qaradağlı və onun yaxın ətrafının da yola salınacağı, kanala yeni rəhbərlik gətiriləcəyi və əsaslı dəyişikliklərin baş verəcəyi barədə fikirlər səslənir.