Prezidentin mətbuat xidməti arxivə yeni sənədlər təhvil verib

Hazırda kino sənədlərinin arxiv fonduna qəbulu rəsmiləşdirilir

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 16:50

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən üç saxlama vahidi kinosənəd daimi saxlanılmaq məqsədilə Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Milli Arxiv İdarəsindən İnterAz-a bildirilib ki, ümumi xronometrajı 5 saat 8 dəqiqə olan kinosənədlər Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin birinci, ikinci, üçüncü rübündə Nazirlər Kabinetində keçirilmiş iclasları əks etdirir. Eyni zamanda, kinosənədlər qəbul edilmiş dövlət proqramlarının icra olunmasını, qeyri-neft sektorunun inkişafını, ölkənin xaricə məhsul ixracının vəziyyətini, müasir istehsal sahələrinin yaradılmasını, infrastruktur təminatının yaxşılaşdırılması yönündə görülən işləri, kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlıq obyektlərinə dövlət qayğısını, habelə ölkənin ərzaq məhsulları ilə təminatını, əhalinin məşğulluğunu, turizm sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və bir sıra vacib məsələlərin müzakirəsini özündə əks etdirir.

Hazırda kino sənədlərinin arxiv fonduna qəbulu rəsmiləşdirilir. Hər sənəd haqqında müfəssəl məlumat bazası hazırlanır.