Füzuli rayonunda mərmi tapılıb

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Oktyabr 2017, 09:03

12 Oktyabr 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu Horadiz qəsəbəsi və Kürdmahmudlu kəndi ərazilərində mərminin olması barədə məlumat daxil olub.

Agentlikdən İnterAz-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Horadiz qəsəbəsində “Burğa dərəsi” adlanan əraziyə və Kürdmahmudlu kəndi ərazisində əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 1 ədəd 125 mm-lik tank mərmisi aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək. Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.