Azərbaycan və Ukrayna cinayət işləri üzrə hüquqi yardımda təcrübə mübadiləsini genişləndirəcək

Görüş zamanı cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və digər sahələrdə mövcud vəziyyət, konkret işlər və gələcək əməkdaşlığın perspektivləri geniş müzakirə edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Oktyabr 2017, 11:33

Oktyabrın 9-10-da Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Ukrayna prokurorluqları arasında cinayət işləri üzrə hüquqi yardım sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Kiyev şəhərində səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Ukrayna Baş prokurorunun müavini Yevgeniy Yeninlə görüşüb. Y.Yenin ölkələr arasında bütün sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, o cümlədən hüquq-mühafizə orqanları ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Beynəlxalq əlaqələr idarəsinin rəisi E.Əlixanov Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun salamlarını çatdıraraq, Ukraynanın Baş prokuroru Yuriy Lutsenkonun cari ilin fevralında ölkəmizə səfərinin qarşılıqlı işgüzar münasibətlərin inkişafına yeni təkan verdiyini xüsusi vurğulayıb.

Görüş zamanı cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və digər sahələrdə mövcud vəziyyət, konkret işlər və gələcək əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.

Səfər çərçivəsində Ukrayna Baş Prokurorluğunun Xüsusi Antikorrupsiya Prokurorluğunda görüşlər keçirilməklə, korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.