Azərbaycanlı ailənin bəxti nə rayonda gətirdi, nə paytaxtda

Təhsil yox, iş yox, maddi imkan yox, amma ailə var

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Oktyabr 2017, 15:06

Təhsil yox, iş yox, maddi imkan yox, amma ailə var. İki övladı var və həyat yoldaşı üçüncü övlada hamilədir. Həmsöhbətim deyir ki, iş olmadığı üçün Saatlıdan Bakıya gəlib. Bir müddət istixanalarda, tikintilərdə fəhlə kimi çalışıb. İndi o da yoxdur.

İnterAz "Sputnik.az"a istinadən xəbər verir ki, Mirvaleh Ağalarov 1988-ci ildə Saatlı rayonunda dünyaya gəlib. Dediyinə görə, uşaq yaşlarından atasını itirdiyi üçün həyatı çətinliklə keçib. Elə buna görə də ali təhsil də ala bilməyib. Ailəsi onu tez evləndirib. 20 yaşından ailə məsuliyyətinin nə olduğunu anlamağa başlayan bu gənc, indi uşaqlarını saxlamağa iş, vəsait tapa bilmir.

Deyir ki, gününü rayonda mal-qara saxlamaqla keçirirmiş. Sonradan anası sağalmaz xəstəliyə düçar olur: "Anamın 49 yaşı var. 3 il olar ki, xərçəng xəstəliyinə tutulub. Bütün mal-qaranı satıb, onu müalicə etdirməyə çalışdıq. Atam da mən 6 yaşında olanda rəhmətə gedib. Bir qarnı ac, bir qarnı tox böyümüşük. Evin böyük oğlu olduğum üçün məni çox tez evləndiriblər".

"Həyat yoldaşımla bir-birimizi sevmişik. 6-7 il rayonda yaşadıq. Amma son vaxtlar ailədə problemlərimiz yaranmağa başladı. Çünki rayonda iş tapa bilmirdim. Məcbur olub Bakıya köçdüm" — Mirvaleh danışır.



Bir müddət Binə qəsəbəsində müxtəlif istixanalarda çalışan müsahibim, bu pulla həm ailəsini saxlayır, həm də anasına pul göndərir: "İstixana işi mövsümü işdir. Nə qədər iş vardı, bilirdim ki, günə 17 manat gəlirim olacaq. İndi uzun müddətdir iş yoxdur, pulum da bitib. Bilmirəm, qızlarımı necə saxlayım. İş üçün döymədiyim qapı qalmayıb. Heç yerdə uyğun iş tapa bilmirəm. 6-7 aydır ki, iş tapa bilmirəm. Ailəmə demək olar ki, başqaları baxır. Bir tərəfdə xəstə anam, digər tərəfdən uşaqlarım".

Mirvalehin özündən başqa iki qardaşı da var: "Qardaşlarımdan biri mədrəsədə təhsil alır, balacası isə mühafizəçi işləyir. O da ayda 300 manat əmək haqqı alır".

Həmsöhbətimin Xədicə və Rüqəyya adlı iki qızı var. Üçüncü övladı da bu yaxınlarda dünyaya gələcək: "Qızların birinin 5, digərinin 4 yaşı var. Uşaqlarımın yeməyini də başqaları alırlar. Ata kimi uşaqlarımın qayğısına qala bilmirəm. Çox çarəsiz vəziyyətdəyəm. Mənə iş təklif olunur, amma fəhlə işində də şərt kəsirlər ki, "3 gün işlə, xoşumuza gəlsə, səni götürəcəyik"".

"Bir müddət əvvəl belə bir iş çıxmışdı – şirniyyat anbarında fəhlə işi idi. Dedilər, 4 gün işlə, "xoşumuza gəlsə, sənə iş verəcəyik". 4 gün getdim. Yol pulunu da qonşudan alıb işə gedirdim. 4 gündən sonra mənə dedilər ki, "işini bəyənmirik". İş yerinin yaxınlığında bir oğlan əvvəldən mənə demişdi ki, burada daimi işçi yoxdur. Adamları işə götürəndə şərt qoyurlar ki, "3-4 gün işlə, işinə baxım, sonra götürərəm". Axırda da əmək haqqını da verməmiş yola salırlar ki, "işini bəyənmədik"" — o danışır.

Mirvalehin həyat yoldaşı da orta təhsillidir. Onun da bəxti elə uşaqlıqdan gətirməyib. 6-7 yaşı olanda atasını itirib. "Atasız böyümək çətindir. Bir tərəfi yoxmuş kimi böyüyürsən həyatda. Bəlkə elə ona görə də, ata olmaq istəyim çox tez oldu. Özüm görmədiyim qayğını övladlarıma göstərə bilmək üçün. Amma indi elə vəziyyətdəyəm ki, atalıq vəzifəmi yerinə yetirə bilmirəm" — Mirvaleh bildirir.

"İki gül üzlü qızım var. Biri də dünyaya gələcək. Amma mənim onları saxlamağa imkanım yoxdur. Belə danışanda insanlar elə bilirlər ki, mən yardım istəyirəm. Xeyr, mən uşaqlarımı saxlaya bilmək üçün daimi bir iş istəyirəm. Onlara yemək ala bilim, normal geyindirə bilim. İşədüzəltmə şirkətlərinə gedirəm, anket üçün pul da verirəm. Amma aradan aylar keçir, işdən heç bir xəbər çıxmır" — o, əlavə edir.

M. Ağalarov ailəsinin saxlaya bilmək üçün sosial şəbəkələrə də üz tutub. Deyir ki, "Facebook" dostları ona uşaqlarını saxlamaq üçün yardımlar edirlər. Məsciddən tanışları geyim göndərirlər. Amma iş təklif edən yoxdur.

Kiçik bir həyəti və evi var Mirvalehin, amma uşaqlarını saxlamağa imkanı yoxdur. Deyir ona uyğun iş tapılmır. Elə bizə müraciət etməsinin səbəbi də budur. Düşünür ki, kimsə bu yazını oxuyar, iş tapmaqda ona kömək edər.

P.S. Mirvaleh Ağalarovla əlaqə saxlamaq istəyənlər əlaqə telefonu üçün sputnik.az-a müraciət edə bilərlər.