Bakıda avtomobillər cərimə meydançasına aparılmır, evakuatorlar fəaliyyətini dayandırıb

Ötən həftənin cümə günündən etibarən Bakıda dövlət yol polisinə məxsus evakuatorların fəaliyyəti dayandırılıb

Bakı, Nazilə Xaqani, İnteraz - 16 Oktyabr 2017, 14:34

Bakıda DYP evakuatorlarının fəaliyyətinin ləğv edilməsi barədə xəbərlər yayılıb. 

İnterAz "avtosfer.az"a istinadən xəbər verir ki, bundan sonra sürücülər dayanma-durma qaydasını pozarkən maşınlar cərimə meydançasına aparılmayacaq. Lakin yol polisi əməkdaşları həmin avtomobilin sürücüsü barəsində hər yarım saatdan bir inzibati protokol tərdib edə bilər. Bütün bunlar sürücülərin bir-birinə sevinərək verdiyi xəbərlərdir. 

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həqiqətən də ötən həftənin cümə günündən etibarən Bakıda dövlət yol polisinə məxsus evakuatorların fəaliyyəti dayandırılıb. Yəni dayanma-durma qaydasını pozan maşınlar cərimə meydançasına aparılmayıb. Bu gün də eyni mənzərə müşahidə olunur. Lakin bu hal daimi olmayacaq. Bakıdakı cərimə meydançaları qışa hazırlıq məqsədilə təmir edilir, asfalt döşənir. Bu səbəbdən də cərimə meydançalarına maşın aparılması müvəqqəti olaraq dayandırılıb.

Bir həftə sonra proses davam edəcək.