Düşmən təxribatının qarşısını alarkən əllərini itirən əsgərimiz: Dövlətimdən xahiş edirəm səsimi eşitsinlər

Dövlətimdən xahiş edirəm səsimi eşitsinlər, müalicəm burda yoxdur, mənə sahib çıxsınlar, müalicə üçün xaricə göndərsinlər

Bakı, Nazilə Xaqani, İnteraz - 08 Noyabr 2017, 14:19

Hərbi xidmətini Tərtərdə, N saylı hərbi hissədə yerinə yetirən, düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına yaralanan Quluzadə Rüstəm yardım üçün müraciət edib.

İnterAz xəbər verir ki, sözügedən şəxs 1998-ci ildə Gədəbəy rayonunda, fəhlə ailəsində anadan olub. 2015-ci ildə hərbi xidmətə yollanıb və daha sonra Tərtərə göndərilib. Fevral ayında, gecə saatlarında düşmən təxribatının qarşısını alarkən qolundan və ürəyinin üstündən yaralanıb.

Yaralı şəkildə Naftalana göndərilən Rüstəm, fevralın 26- da Bakıya Hərbi Hospitala göndərilib və 9 aydır ki, reabilitasiya şöbəsində müalicə alır. İndiyə qədər 6 əməliyyat keçirib, sərbəst şəkildə ayağa qalxmasa da, iki əli demək olar ki, tamamilə işləmir. Hərbi xidmət müddəti yanvar ayında bitən Rüstəm mülki şəxs kimi bu xəstəxanadan xaric olacağını və müalicə almağa maddi imkanı olmaycağını söyləyir.

“Mənim 20 yaşım var. Hələ bütün həyatım, gələcəyim qarşıdadır. Mən indidən əllərimin ikisini də işlədə bilməsəm, gələcək həyatım necə olacaq. Ailəmin tək oğlan övladıyam, atam yaşlıdır, fəhlədir, məni müalicə etdirməyə imkanı yoxdur. Mən vətənim üçün iki qolumdan olmuşam, ancaq vətənim indi mənə sahib çıxmalıdır. Burda müalicəm yoxdur, sağalmağım imkansızdır. Həkimlər məni sadəcə yanvar ayına kimi müalicə edəcəklər.

Yaralı şəkildə xəstəxanaya gətirilməyimdən 9 ay ötür, ancaq heç kəs mənimlə maraqlanmır ki, ölmüsən, ya sağsan. Dövlətimdən xahiş edirəm səsimi eşitsinlər, müalicəm burda yoxdur, mənə sahib çıxsınlar, müalicə üçün xaricə göndərsinlər”.

Rüstəmin anası Quliyeva Şamama deyir ki, oğlumun sadəcə kiməsə möhtac olmasını istəmirəm. “Bir stəkan suyu içmək üçün kiməsə ehtiyacı olmasın, kiminsə onun paltarını dəyişdirməsini gözlməsin, mənim balama yardım etsinlər, tək istəyim budur”, – dedi.

Rüstəm Quliyevin videomüraciətini sizə təqdim edirik:


a24.az