Sumqayıtda iki nəfərin ölümündə şübhəli bilinən sürücü tutulub

M.Beybudov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Dekabr 2017, 09:10

Sumqayıt şəhərində iki nəfərin ölümündə şübhəli bilinən sürücü tutulub.

 

Baş Prokurorluqdan İnterAz-a verilən məlumata görə, dekabrın 5-də saat 07 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində piyada keçidində 1971-ci il təvəllüdlü Beybudov Məhəmməd Əmir oğlu idarə etdiyi “Hyundai County” markalı, 90 AD 889 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 1969-cu il təvəllüdlü Arzuyə Abdullayeva və 1988-ci il təvəllüdlü Nüşabə Rzayevanı vurub, nəticədə hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat ediblər.

 

Fakta görə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmiş, o cümlədən müvafiq ekspertizalar təyin edilib.

 

M.Beybudov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.