“Grand Hospital”da xəstənin ölməsi ilə əlaqədar cinayəti işi açılıb

Mirzəyevanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Dekabr 2017, 14:35

Noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Grand Hospital” tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq koma vəziyyətinə düşüb və dekabrın 5-də vəfat edib.

 

Bununla bağlı daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Bakı Şəhər Prokurorluğunun İnterAz-a daxil olan məlumatında bildirilir ki, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

A.Mirzəyevanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin edilib.

 

Hazırda iş üzrə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müvafiq araşdırmalar davam etdirilir.