31 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə aşkarlanıb

Aydın İbrahimovdan 4 kiloqram 510 qram heroin və 5 kiloqram 525 qram tiryək götürüblər

Bakı, Nazilə Xaqani, İnteraz - 05 Yanvar 2018, 17:58

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yalnız son 4 gün ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 31 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 7,5 kiloqrama yaxın heroin, 23,5 kiloqramdan çox tiryək aşkarlanaraq dövriyyədən çıxarılıb.

 

Daxili İşlər Nazirliyindən İnterAz-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əldə etdikləri əməliyyat məlumatları əsasında Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Aydın İbrahimovdan 4 kiloqram 510 qram heroin və 5 kiloqram 525 qram tiryək götürüblər.

 

Daxil olan digər məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Cəlilabad rayonu ərazisində keçirdikləri tədbirlərlə rayon sakini Tural Ataşovdan 18 kiloqrama yaxın tiryək götürülüb.

 

Növbəti uğurlu əməliyyat tədbiri Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gerçəkləşdirilib. Əldə edilmiş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində rayonun Pərdi kəndində yaşayan Oqtay Rufullayevin evinə baxış zamanı oradan 3 kiloqram 118 qram heroin aşkar edilib.

 

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

 

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.