“Azərbaycan dilinin saflığının qorunması” mövzusunda dəyirmi masa keçirilib

Dilin qorunması onun qrammatikasını öyrənməklə yanaşı, qanun və qaydalarının yeni nəsilə ötürülməsi ilə bağlıdır

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2018, 17:24

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması” mövzusunda dəyirmi masa keçirilib.

 

İnterAz xəbər verir ki, açılış nitqi ilə çıxış edən Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev hər hansı xalqın böyüklüyünün onun say tərkibindən yox, beynəlxalq nüfuzu, fəaliyyəti, təbliğ etdiyi dəyərlərdən asılı olduğunu bildirib. O, əlavə edib ki, bu baxımdan Azərbaycan xalqı böyük xalqdır. “Dil millət varlığının yeganə amilidir” -deyən A.Babayev dəyirmi masanın dilin saflığının qorunmasına həsr edildiyini qeyd edərək tədbirin siyasi, mənəvi-ictimai və tədris məsələlərinə xidmət etdiyini bildirib. A.Babayevin sözlərinə görə, Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra ana dilimizin qorunmasına xüsusi önəm verib. Ulu öndərin dilimizin zamanın tələblərinə uyğunlaşması və təkmilləşdirilməsinə xidmət edən fərman və sərəncamlarından söz açan professor bu ənənənin ölkə prezidenti İlham Əliyevin siyasətində də öz əksini tapdığını sözlərinə əlavə edib.

 

AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, dosent Sevinc Əliyeva mövzunun aktuallığını ön plana çəkərək məsələnin respublika rəhbərliyi səviyyəsində həll olunduğunu qeyd edib. Dili xalqın etnomədəni göstəricisi, onun tarixini, mədəniyyətini özündə əks etdirən bir vasitə kimi xarakterizə edən S.Əliyeva qloballaşma dövründə dilə yad elementlərin daxil olduğunu söyləyib və bu inteqrasiya prosesində ana dilimizin daxili saflığı, müstəqilliyi və milliliyinin qorunmasının zəruriliyini vurğulayıb. Daha sonra S.Əliyeva dilin qorunmasında önəmli olan faktorlardan, dilin zənginləşməsi prosesindən, KİV-də ədəbi dilin normalarının pozulması və s.-dən söz açıb.

 

Azərbaycanşünaslıq ETL-in elmi işçisi Elçin İbrahimov Azərbaycan ədəbi dilinin saflığının qorunmasında dövlətin apardığı dil siyasəti və dillə bağlı qəbul edilmiş sərəncamlar haqqında, Azərbaycan dilçiliyi kafedrasının dosenti Yeganə Hacıyeva, həmin kafedranın müəllimi Aynur Səfərli təhsil müəssisələrində şagird və tələbələrə ədəbi dil normalarının düzgün formada öyrədilməsinin zəruriliyi, dil haqqında qanunlar, dil siyasətinin hökumətin prioritet məsələlərindən olmasından danışıblar.

 

AMEA-nın Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu dili xalqın ən böyük sərvəti kimi qiymətləndirib və onu qorumağın hər bir vətəndaşın mənəvi borcu olduğunu söyləyib. Ana dilinə sevginin beşikdən başladığını qeyd edən akademik bu işdə valideynlərin mühüm rol oynadığını vurğulayıb. M.Nağısoylu daha sonra ana dilinin saflığının qorunmasını və ədəbi dil normalarına əməl etməyi tövsiyə edib. O, ADU ilə Dilçilik İnstitutunun müştərək layihələr həyata keçirməsi, eyni zamanda lüğətlər, danışıq kitabları, əcnəbilər üçün dərsliklər hazırlanması istiqamətində təkliflər səsləndirib.

 

Sonda çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla dilin qorunmasının onun inkişafını şərtləndirdiyini bildirib və qorumaqla inkişafı bir-birini tamamlayan anlayışlar kimi xarakterizə edib. Onun sözlərinə görə, dilin qorunması ilə bağlı bir çox məsələlərdə dəqiq meyarlar tapılmalıdır. Dilin qorunması onun qrammatikasını öyrənməklə yanaşı, qanun və qaydalarının yeni nəsilə ötürülməsi ilə bağlıdır və eyni zamanda onun tədqiq kontekstinin genişlənməsi ilə əlaqədardır. Bu mənada dilçilərlə birlikdə ali məktəb strukturunun müxtəlif sahələrinin nümayəndələrinin görüşlərinə böyük ehtiyac var. Rektor bədii ədəbiyyatın mütaliə olunmasının da dilin saflığının qorunması məsələsində vacib olduğunu vurğulayıb. “Hər hansı bir dəyişmə inkişaf etməkdir”-deyən K.Abdulla bildirib ki, dilin inkişafının mahiyyətini düzgün anlamaq lazımdır.

 

Rektor çıxışının sonunda bu tip tədbirlərin mütəmadi olmasının zəruriliyini diqqətə çatdıraraq kafedraların müştərək tədbirlər təşkil etməsini tövsiyə edib.

 

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.