Azərbaycandan İrana keçmək istəyən özbəkistanlı və qırğızıstanlı qadınlar tutulub

Əməliyyat-qoşun tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb

Bakı, Nazilə Xaqani, İnteraz - 20 Fevral 2018, 10:03

Son günlər Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 2 halda Orta Asiya ölkələrinin vətəndaşları olan 6 qanunsuz miqrantın dövlət sərhədini pozmaqla İran ərazisinə keçmək cəhdinin, 1 halda isə külli miqdarda alkoqol məhsullarının dəniz vasitəsilə ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb.

 

DSX-nın Mətbuat Mərkəzindən İnterAz-a verilən məlumata görə, 17 fevral tarixində Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Kərimbəyli kəndinin xidməti ərazisində yerləşən sərhəd zasta­vasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbay­candan İran istiqamətində naməlum şəxslərin ayaq izləri aşkar olunub, dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb. Sərhəd pozucularının şəxsiyyəti dəqiqləşdirilib, onlardan 4 nəfər qa­dının Özbəkistan vətəndaşı və 1 nəfərin onlara bələdçilik edən Azərbaycan vətəndaşı olmaları müəyyən edilib.

Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonu Deman kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran isti­qamətində dövlət sərhədini pozmağa cəhd edərkən 1 nəfər Öz­bəkistan və 1 nəfər Qırğızıstan vətəndaşı olan qadınlar saxla­nılıb.

16 və 17 fevral tarixlərində DSX Sahil Mühafizəsinin xidməti ərazisində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamə­tində qaçaqmal yolu ilə ölkə ərazisindən dəniz vasitəsilə çıxarıl­ması üçün hazırlanaraq sahildən 150 metr məsafədə su sət­hin­də və kolluqlarda 39 qutuda 470 ədəd əksəriy­yəti 1 litrlik şüşə qablarda alko­qol içkiləri aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə Azərbaycan Respublikasının Cina­yət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.