İcra başçısı Bayıl yamacındakı evlərin gələcək taleyindən danışıb

Bayıl yamacında evləri tam dağılmış vətəndaşlara birdəfəlik kompensasiya ödəniləcək

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 13 Mart 2018, 13:28

Bayıl yamacında evləri tam dağılmış vətəndaşlara birdəfəlik kompensasiya ödəniləcək.

 

İnterAz xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bunu İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl yamacında baş vermiş sürüşmə ilə əlaqədar həmin ərazidən köçürülmüş sakinlərlə görüşündə deyib.

 

Bildirilib ki, yamacdakı məlum hadisələrlə bağlı burada məskunlaşan vətəndaşların özlərinin və əmlaklarının təhlükəsizliyinin təminatı məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər görülüb, əhali vaxtında təhlükəli zonadan köçürülüb, müvəqqəti sığınacaq yaradılıb, vətəndaşların digər sualları həll olunub. Buradakı evlərin böyük əksəriyyətinin heç bir sənədi olmayan qanunsuz tikililər olmasına baxmayaraq, dövlət tərəfindən ilk növbədə vətəndaşların mənafeyi nəzərə alınaraq buradakı 98 evdə yaşayanların kirayə mənzillərdə yerləşdirilməsi, onlara aylıq kirayə pulunun verilməsi qərara alınıb və bu işlər həyata keçirilib. Evləri tam uçulmuş vətəndaşlara isə birdəfəlik kompensasiya ödəniləcək.

 

O qeyd edib ki, hazırda ərazidə mütəxəssislər tərəfindən araşdırma və yoxlamalar aparılır: "Onların rəyi nəticəsində yamacdakı evlərin gələcək taleyi ilə bağlı qərar veriləcək. Bu gün ərazidə polis postları qurulub, kənar şəxslərin əraziyə daxıl olmasına yol verilmir".