OPTEK şirkətinin nümayəndələri BDU-da olub

Qonaqlar Bakı Dövlət Universitetinin elmi-tədqiqat laboratoriyalarının müasir avadanlıqlarla təchiz olunduğundan razılıqlarını bildirib

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Mart 2018, 16:08

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov OPTEK şirkətinin Azərbaycan və MDB təmsilçisi, “Carl Zeiss” şirkətinin direktoru Mişel Hubensak, şirkətin Rusiya və MDB üzrə baş meneceri Maksim İqelnik və OPTEK-in Azərbaycan nümayəndəliyinin direktoru Nataliya Həmzəyevanı qəbul edib.

 

BDU-dan İnterAz-a verilən məlumata görə, rektor son illər Azərbaycanda prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən, o cümlədən elm-təhsil sahəsindəki uğurlu layihələrdən bəhs edib. 

 

Bakı Dövlət Universiteti barədə məlumat verən rektor Abel Məhərrəmov elm-təhsil istiqamətində uğurlu nəticələr əldə etmək üçün bu ali təhsil ocağının daha çox optik cihazlarla təmin olunmasının önəmindən bəhs edib. Rektor OPTEK şirkəti ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu, yaxın vaxtlarda universitetin tərkibində fəaliyyətə başlayacaq Yüksək Texnologiyalar Mərkəzinin də maddi-texniki bazasının gücləndirildiyini, həmçinin buranın “Carl Zeiss” şirkətinin istehsal etdiyi optik cihazlarla təmin olunmasının nəzərdə tutulduğunu söyləyib.

 

Qonaqlar Bakı Dövlət Universitetinin elmi-tədqiqat laboratoriyalarının müasir avadanlıqlarla təchiz olunduğundan razılıqlarını bildirib, burada aparılan elmi-tədqiqat işlərini təqdirəlayiq hesab ediblər.

 

Görüşdə BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova, Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev, Biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Ralfrid Həsənov iştirak edib.