Gəncədə avtomobil qaçıran 3 nəfər saxlanılıb

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini R.Əliyev “VAZ-2106” markalı avtomobilinin gecə saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib

Bakı, , İnteraz - 16 Aprel 2018, 14:06

Gəncə şəhərində avtomobil qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini R.Əliyev “VAZ-2106” markalı avtomobilinin gecə saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib.

 

Məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil Gülüstan qəsəbəsinin ərazisində tapılıb.

 

Avtomobili qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Gəncə şəhər sakinləri Sərxan Mahmudov və əvvəllər məhkum olunmuşlar - Tural Rüstəmov və Məcid Sultanov olduqları müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.