Orfoqrafiya qaydaları layihəsi ilə bağlı təkliflər bu həftə Komissiyaya təqdim olunacaq

"Azərbaycan dilinin Orfoqrafiya lüğətinin hazırlanıb nəşr edilməsi üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsas hüquqi sənəd olacaq"

  • 9

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 16 Aprel 2018, 15:29

"Azərbaycan dilinin Orfoqrafiya Qaydaları" layihəsi ilə bağlı təkliflər bu həftə Orfoqrafiya Komissiyasına təqdim olunacaq".

 

İnterAz xəbər verir ki, bunu “Report”a açıqlamasında Dövlət Dil Komissiyasının üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

 

O bildirib ki, İşçi qrupunun son iclası bu həftə baş tutacaq: "İşçi qrupu layihəyə dair təkliflərin statistikasını tərtib edib, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayıb. Axırıncı iclasdan sonra İşçi qrupunun imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasına təqdim ediləcək. AMEA Orfoqrafiya Komissiyasının tərkibində ölkəmizin tanınmış dilçi alimləri - akademiklər və müxbir üzvlər, filologiya üzrə elmlər doktorları, professorlar daxildir. Təqdim olunan təkliflər paketi Orfoqrafiya Komissiyasının iclaslarında mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə olunduqdan sonra qəbul edilən dəyişikliklər təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Azərbaycan dilinin Orfoqrafiya lüğətinin hazırlanıb nəşr edilməsi üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsas hüquqi sənəd olacaq".

 

Qeyd edək ki, fevral ayının 15-də "Azərbaycan dilinin Orfoqrafiya Qaydaları" layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün AMEA Dilçilik İnstitutunda ixtisaslı dilçi alimlərdən ibarət İşçi qrupu yaradılıb.