Beyləqanda mənzildən qadın meyiti tapılıb

Bu barədə DİN-in “102 Zəng Mərkəzinə” məlumat daxil olub

  • 146

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 16 Aprel 2018, 15:37

Aprelin 3-də DİN-in “102 Zəng Mərkəzinə” Beyləqan şəhərində yaşayan Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyidinin yaşadığı mənzildə tapılması barədə məlumat daxil olub.

 

İnterAz xəbər verir ki, məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsinin və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb, digər təxirəsalınmaz prosessual hərəkətlər aparılıb. “İsti izlərlə” keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə aprelin 3-də Beyləqan şəhərində şəhər sakini Ramilə Əsədovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilindiyinə görə tutulmuş şəhər sakini Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb.

 

Belə ki, istintaq və əməliyyat-axtarış tədbirləri ilə onun ötən il oktyabr ayının 19-da şəhər sakini Kənan Məhərrəmovu Beyləqan şəhərindəki yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib. Kənan Məhərrəmovun meyiti basdırıldığı yerdən eksqumasiya edilib.

 

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.