Bakıda beynәlxalq qida sәrgisinin açılışı olub

Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgilərinin açılış mərasimi olub

Bakı,, Səbuhi Vaqifoğlu, İnteraz - 16 May 2018, 18:03

Bakı Ekspo Mərkəzində  XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgilərinin açılış mərasimi olub.

 

İnterAz xəbər verir ki, açılış mərasimində məlumat verilib ki, mayın 18-nə kimi keçiriləcək sözügedən sərgilərdə iştirak edən 402 şirkətin 70 faizini xarici, 30 faizini isə yerli istehsalçı və distribüterlər təşkil edir. Həmçinin bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrupun iştirakı təmin olunub.

 

Bu il ilk dəfə olaraq sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), eləcə də, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.

 

Ötən il ilə müqayisədə isə bu il iştirakçıların tərkibi və təklif olunan məhsul çeşidi əhəmiyyətli dərəcədə artıb. Sərgi çərçivəsində Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən eksponentlər iştirak edir. Sərgidə tara və qablaşdırma, onları hazırlamaq üçün xammal və materiallar, qablaşdırma dəzgahları, ədədi məhsulların bükülməsi və qablaşdırılması üçün mexanizm və xətlər ziyarətçilərə təqdim edilir.

 

“Caspian Agro 2018” sərgisi rekord sayda iştirakçını – dünyanın 28 ölkəsini təmsil edən kənd təsərrüfatı malları və avadanlıqlarının 195 istehsalçı və distribüterini bir araya toplayıb. Builki sərgidə Azərbaycan, Almaniya, İsrail, İspaniya, İtaliya, Belarus, Rusiya, ABŞ, Türkiyə və digər ölkələrin şirkətləri ən yaxşı qlobal və yerli təcrübələri nümayiş etdirəcək. Gürcüstan, Niderland Krallığı və Çin sərgidə milli stendlərlə çıxış edir. Sevindirici haldır ki, bu il sərgiyə müxtəlif ölkələri təmsil edən çoxsaylı debütantlar da qoşulub və onların ümumi sayı iştirakçıların 31 faizinə çatıb. “Caspian Agro 2018” sərgisinin debütant ölkəsi isə Vyetnamdır. “Caspian Agro” sərgisinin qeydiyyat üzrə sponsoru daimi iştirakçısı olan – “Maschio Gaspardo” şirkətidir.