Ekoloji qanunvericiliyi pozan vəzifəli şəxs cərimələnib

Faktla bağlı Samur-Abşeron Kanalı İstismar İdarəsinin sahə rəisi Səhhət Qənbərov barəsində protokol tərtib olunub

Bakı, Kəmalə Bədəlova, İnteraz - 14 Iyun 2018, 12:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhər, Tuğ zavod yaşayış massivində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Nazirlikdən İnterAz-a bildirilib ki, sözügedən əraziyə keçirilən baxış zamanı məişət tullantılarının Samur-Abşeron Magistral Kanalının mühafizə zonasına atılaraq qalaqlandığı, ərazidə antisanitar vəziyyətin yarandığı faktı aşkarlanıb.

 

Faktla bağlı Samur-Abşeron Kanalı İstismar İdarəsinin sahə rəisi Səhhət Qənbərov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimələnib.

 

Kanalın mühafizə zonasında qalaqlanmış tullantıların təmizlənməsi məqsədilə Samur-Abşeron Kanalı İstismar İdarəsinə, tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunması üçün Sumqayıt bələdiyyəsinə və Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.