Azərbaycan vətəndaşına məxsus yuyucu toz qutusundan psixotrop maddə çıxıb

Metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyul 2018, 11:48

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli cizgilər görünüb.

 

İnterAz DGK-ya istinadən xəbər verir ki, bu səbəbdən həmin yükə təkrar baxış keçirilib. Nəticədə, vətəndaşa məxsus yuyucu toz qutusunda ümumi sayı 170 ədəd paketdə olmaqla, xalis çəkisi 183,652 qram təşkil edən metamfetamin və 1 ədəd kolba aşkar olunub.

 

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.