Yeni Əsrin Mərsiyəsi – Kitab hazırlanır

“Yeni Əsrin Mərsiyəsi” adı altında şeir antalogiyasının hazırlanmasına başlanılıb

Bakı, Oktay Quliyev, İnteraz - 12 Iyul 2018, 11:55

Bu haqda Dilman Şahmərdanlı İnterAz-a açıqlama verib:

Xalqımız tərəfindən həmişə müxtəlif formalarda əziz Peyğəmbərimizin nəvəsi Həzrət Hüseyn və yaxınlarının Kərbəla çölündə amansızca şəhid edilməsi yad edilib. O cümlədən hər dövrdə millətimizin ziyalıları Kərbəla hadisəsi ilə bağlı müxtəlif fikirlər söyləmiş, böyük şairlərimiz şeirlər qələmə almışlar.

Hazırkı dövrümüzdə də xalqımız tərəfindən hər il Məhərrəmlik məclisləri yüksək şəkildə təşkil olunur, İmam Hüseyn və tərəfdaşları sevgi ilə yad edilir. Təəssüf ki, Məhrrəmlik mərasimlərinin icrasında müəyyən çatışmazlıqlar mövcuddur. Bu hallardan biri də bu mərasimlərin əsas simvollarından olan mərsiyələrin mətni ilə bağlıdır. Belə ki, bu məclislərdə oxunulan mərsiyələr klassik dildə olduğu üçün ərəb-fars sözləri ilə həddindən artıq zəngindir və dinləyicilər tərəfindən anlaşılmır, yaxud çox çətin anlaşılır. Aydın məsələdir ki, bu hal əzadarlıq məclisləri üçün heç də xoşagələn deyil.

Bu çatışmazlığı aradan qaldırmaq üçün “Yeni Əsrin Mərsiyəsi” adı altında şeirlər antologiyasının hazırlanmasına başlamışıq.

Əsas məqsəd Aşura qəhrəmanlarını yeni dildə yad etmək, Məhərrəmlik dönəmində istifadə edilən mərsiyələrdə müasir Azərbyacan dilində yazılan şeirlərdən istifadə edilməsidir.

Kitabda yer alması üçün şairlərə açıq təklif göndərilir, istəyənlər Aşura hərəkatının, Kərbəla məktəbinin müxtəlif yönlərinə diqqət çəkən, eyni zamanda Azərbaycan şəhidləri ilə bağlı qələmə aldığı şeirlər göndərə bilərlər. Qeyd edək ki, bir nəfər ən çox 10 şeir göndərə bilər və şeirlərin heca vəznində olmasına üstünlük verilir. Göndəriləcək şeirlər şairlərdən ibarət münsiflər heyyəti tərəfindən seçiləcək.

Şeirlər d.shahmerdanli@gmail.com ünvanına göndərilməlidir. Şeirlər 20 İyul tarixinə kimi qəbul ediləcək.

Kitabın Məhərrəm ayına kimi nəşri planlaşdırılır.

Əlavə suallarla bağlı 055 447 46 07 (Whatsapp) nömrəsi ilə əlaqə saxlamaq mümkündür.