Samuxda baş verən yanğının söndürülməsinə təyyarə və helikopter cəlb olunub

Həyata keçirilmiş yanğınsöndürmə tədbirləri nəticəsində yanğın ötən gün saat 20:50-də söndürülüb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyul 2018, 12:21

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Burunqovaq kəndi yaxınlığında sıx kolluq və qamışlıq olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyindən İnterAz-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının keçilməz sıx kolluq və qamışlıq olan bataqlıq ərazidə baş verdiyi, yaxınlıqdakı meşə zolağına keçmə təhlükəsinin olduğu müəyyən edilib.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Həyata keçirilmiş yanğınsöndürmə tədbirləri nəticəsində yanğın ötən gün saat 20:50-də söndürülüb.

 

Yanğın nəticəsində 230 ha sahədə sıx kollar və qamışlıq yanıb. Yaxınlıqdakı meşə zolağı, ərazidəki yulğun ağacları və ətraf ərazilər yanğından mühafizə olunub.