Bakıda keçidlərdə nəzarət gücləndirilib

V.Əsədov bildirib ki, piyadaların avtomobillərlə vurulması yol nəqliyyat hadisələrində çoxluq təşkil edir

Bakı, Kəmalə Bədəlova, İnteraz - 15 Avqust 2018, 16:29

Bakıda yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisi tərəfindən nəzarət gücləndirilib.

 

İnterAz xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

 

V.Əsədov bildirib ki, piyadaların avtomobillərlə vurulması yol nəqliyyat hadisələrində çoxluq təşkil edir ki, bu da çox ciddi narahatçılıq doğurur. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün yeraltı və yürüstü piyada keçidləri ətrafında yol polisi nəfərlərinin sayı artırılıb və nəzarət gücləndirilib:

 

“Eyni zamanda təbliğat işləri aparılır ki, hər kəs bu tələbləri bilsin və yerinə yetirsin. Piyadalara da müraciət edirik ki, yolu keçərkən piyada keçidlərindən istifadə etsinlər".

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 806 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərərçəkənlərin sayı 6,4 faiz azalaraq 1074 nəfər olub, onlardan 311-i həlak olub, 763-ü isə yaralanıb. Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,5 faizi (2,2 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 19,0 faizi (1,9 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.