DYP Lənkəranda avtobus sürücülərinə qarşı reyd keçirib

Qayda pozuntularına yol verən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Oktyabr 2018, 11:50

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması məqsədi ilə rayon ərazisində reyd təşkil edilib.

 

Bu barədə İnterAz-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Məlumatda bildirilib ki, sərnişindaşımada istifadə olunan iri və kiçik tutumlu avtobuslarla bağlı keçirilən reyd zamanı bir çox pozuntu halları aşkar edilib. Normadan xeyli artıq sayda sərnişin daşıyan, qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıqlar quraşdırılmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan iri və kiçik tutumlu avtobuslar aşkarlanaraq onların sürücüləri barədə qanunamüvafiq tədbirlər görülüb.

 

Reyd zamanı həmçinin sərnişindaşıma ilə məşğul olan sürücülərə normativ aktlar və qaydalar izah olunaraq bildirilib ki, əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmaldır. Sürücülər isə hər gün xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçirilməlidirlər.

 

Qayda pozuntularına yol verən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.