Mingəçevir sakinlərinin bank hesablarından pullarını çıxararaq mənimsəyən şəxs saxlanılıb

Polis şöbəsinə müraciət edən şəhər sakini Z.Mehdiyev bank hesabından 132 manat pulunun çıxarılaraq oğurlandığını bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Oktyabr 2018, 12:56

Mingəçevir şəhərində sakinlərin bank hesablarından pullarını çıxararaq mənimsəyən şəxs saxlanılıb. 

 

Bu barədə İnterAz-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Belə ki, Mingəçevir şəhər Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların bank hesablarından pullarını çıxararaq mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Polis şöbəsinə müraciət edən şəhər sakini Z.Mehdiyev bank hesabından 132 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

 

Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Əli Əzizov olduğu, həmçinin şəhər sakini olan daha 1 qadını aldadaraq 200 manatını bank hesabından çıxararaq mənimsədiyi də müəyyən edilib.

 

Mingəçevir şəhər Polis şöbəsində araşdıma aparılır.