ETSN ağac kəsənlərə qarşı daha da sərt tədbirlər görəcək

Vətəndaşlar tərəfindən kəsilmə təhlükəsi olan ağaclar barədə verilən məlumatlar əsasında isə 30-a yaxın ağacın məhv edilməsinin qarşısı alınıb

Bakı, , İnteraz - 11 Oktyabr 2018, 17:34

Oktyabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) nazirliyin ekoloji problemlərin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə dair mətbuat konfransı keçirilib.

 

İnterAz xəbər verir ki, tədbirdə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ETSN-in gördüyü işlər barəsində məlumat verib.

 

Sonra çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev nazirlik tərəfindən son 6 ay ərzində paytaxtda 61 ağacın icazəsiz kəsilməsi, 98 ağacın isə zədələnməsi faktının aşkarlandığını bildirib. Bununla bağlı 59 təqsirkar şəxsə 71800 manat məbləğində cərimə, 23 min 745 manat məbləğində ziyan tətbiq olunub. 40 fakt üzrə təqsirkarların tapılması və qanunauyğun tədbir görülməsi üçün polis orqanlarına müraciət edilib.

 

“Müqayisə üçün bildirək ki, son 3 ay ərzində 12 ağacın kəsildiyi, 14 ağacın zədələndiyi müəyyən edilib. Rəqəmlər də bunu deməyə əsas verir ki, son 3 ayda ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb.

 

Aparılan təhlillər göstərir ki, nazirliyin “Qaynar xətt”inə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayətlərin sayında da əhəmiyyətli dərəcədə azalma var. May ayında ağac kəsintisi üzrə 30 şikayət daxil olduğu halda, sentyabr ayında bu rəqəm azalaraq 15 olub.

 

Vətəndaşlar tərəfindən kəsilmə təhlükəsi olan ağaclar barədə verilən məlumatlar əsasında isə 30-a yaxın ağacın məhv edilməsinin qarşısı alınıb. Həmin şəxslərə yaşıllıqların mühafizəsində göstərdikləri vətəndaşlıq mövqeyinə, nazirliyin fəaliyyətinə dəstək verdiklərinə görə təşəkkür bildirilib.

 

Görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də problem tamamilə həll olunmayıb. Ölkə başçısının da Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi ağacların kəsilməsi halları xeyli azalıb, amma tam aradan qaldırılmayıb.

 

Nazirlik tərəfindən bundan sonra da ağac kəsənlərə qarşı sərt tədbirlər görüləcək, Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq ağac kəsintisi hallarının tam aradan qaldırılması üçün qəti addımlar atılacaq”, - nazir müavini bildirib.