Azərbaycan sərhədçilərinin xilas etdiyi gəmidə zəhərlənən İran vətəndaşlarından üçü ölüb

İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Oktyabr 2018, 09:30

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin zəhərlənən heyət üzvlərindən 3-ü dünyasını dəyişib.

 

Bu barədə İnterAz-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

 

Onun sözlərinə görə, həmin şəxsləri xəstəxanaya çatdırmaq mümkün olmayıb və yolda vəfat ediblər: “Ölənlərin üçü də İran vətəndaşlarıdır. Onlardan biri 28, digəri 29, o biri isə 32 yaşında olan kişilərdir. 

 

Zəhərlənən 10 nəfərdən 7-si hospitalizasiya olunub. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Kapitanı isə hazırda təcili tibbi yardım gözləyir. Çünki o, sonuncu çıxmalıdır. İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir”.