Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri məhkəmə zalında həbs edilib

O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib

Bakı, , İnteraz - 05 Noyabr 2018, 15:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

 

İnterAz-ın "Report"a istinadən məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib.

 

O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs olunub.

 

Məhkəmənin baxış iclası noyabrın 12-nə təyin edilib.

 

İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.