BŞİH: Avtobusun vurduğu qadın üç ildir süpürgəçi işləmir

Hadisəni törədən sürücü saxlanılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Noyabr 2018, 13:54

Bakıda faciəli şəkildə ölən qadını avtobus yolu süpürərkən deyil, yolu keçərkən vurub.

 

Bu barədə İnterAz-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.

 

Qeyd edilib ki, Bəsti Dostəli qızı Eyvazova üç il əvvələ qədər Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 34 saylı Mənzil-Kommunal və Texniki Xidmət sahəsində çalışıb: “Bəsti Dostəli qızı Eyvazova 2015-ci ildən orada çalışmırdı”.

 

Qeyd edək ki, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

 

Hadisəni törədən sürücü saxlanılıb.