Rüfət Elçiyev: “ABAD”ın üzvlərinin sayı 315-ə çatıb

"ABAD bütün sahibkarlara dəstək olmağa hər zaman hazırdır"

Quba, , Səbuhi Vaqifoğlu, İnteraz - 08 Noyabr 2018, 15:10

Növbəti ildə Bakının Nardaran qəsəbəsində “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi istifadəyə veriləcək.

 

İnterAz-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında “ABAD”ın direktoru Rüfət Elçiyev deyib.

 

Onun sözlərinə görə, bu ilin oktyabr ayının 29-da Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi açılıb. Belə bir mərkəz Nardaranda da açılacaq.

 

Müsahib vurğulayıb ki, “ABAD” artıq iki ildir ki, fəaliyyət göstərir və artıq üzvlərin sayı 315-ə çatıb. Onlardan 45-i kənd təsərrüfatı istehsalı ilə, 270-i isə dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olur. 

 

Ümumiyyətlə isə ABAD bütün sahibkarlara dəstək olmağa hər zaman hazırdır. Bura təkcə kənd təsərrüfatı, sənətkarlıq deyil, digər sahələri də daxildir.

 

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.