Ötən gün baş verən yol qəzalarında 16 nəfər xəsarət alıb

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Noyabr 2018, 11:22

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 99 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə, ümumilikdə, 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.