Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Gömrük baxışı keçirilməzdən əvvəl aparılan şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 12:31

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən İnterAz-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Vaz 21044” markalı avtomobilə “Qırmızı Körpü” gömrük postunda gömrük baxışı həyata keçirilib.

 

Gömrük baxışı keçirilməzdən əvvəl aparılan şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda, sol karnizlərin içərisində xüsusi düzəldilmiş gizli saxlanc yerində, üzərində “Enigma Fireworks” yazısı olan 760 ədəd və “Corsar” yazısı olan 1560 ədəd pirotexniki vasitə aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.