Gənc alimlərin dünya elminə inteqrasiyası üçün kompleks tədbirlər görülür - Famin Salmanov

“Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Gənclər Fondu, Bilik Fondu ilə əməkdaşlıq gənc alimlərin tədqiqat işlərinin bilavasitə dəstəklənməsinə xidmət edir”

Bakı, İlkin Məmmədov, İnteraz - 30 Yanvar 2015, 13:29

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının ötən il üzrə birinci Hesabat-seçki konfransı keçirilib.

 

İnterAz xəbər verir ki, tədbiri Şuranın sədri Famin Salmanov açaraq hesabatı təqdim edib.

 

Akademiyada aparılan uğurlu gənclər siyasətindən danışan Şura sədri qeyd edib ki, AMEA prezidenti Akif Əlizadə tərəfindən Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyasında gənc alimlərin rolunu artırmaq üçün kompleks tədbirlərə start verilib. O vurğulayıb ki, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Gənclər Fondu, Bilik Fondu ilə əməkdaşlıq gənc alimlərin tədqiqat işlərinin bilavasitə dəstəklənməsinə xidmət edir.

 

Onun sözlərinə görə, hesabatda qeyd edilib ki, ötən il noyabrın 10 və 11-də Cənubi Qafqazda keçirilmiş "Bakı Elm Festivalı -2014" hazırlıq prosesinə gənc alimlərin də cəlb edilməsi AMEA rəhbərliyinin bizim Şuraya olan inam və etibarının bariz nümunəsidir.