Şəhid Nicat İsgəndərov dəfn olundu

Şəhidin atası Bəhruz İsgəndərov Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib

Bakı, Cavid Babayev, İnteraz - 03 Aprel 2016, 20:38

Aprelin 2-də qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşdə şəhid olan “N” saylı hərbi hissənin giziri İsgəndərov Nicat Bəhruz oğlu aprelin 3-də doğulduğu Tərtər şəhərində dəfn edilib.

Dəfn mərasimində şəhidin doğmaları, Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, “N” saylı hərbi hissənin, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusifov və digərləri çıxış edərək, şəhidin ailəsinə dərin hüznlə başsağlığı veriblər. Mərasimdə Azərbaycan əsgərlərinin Vətənin müdafiəsindəki şücaətindən bəhs olunub, şəhidlərin ruhlarına dualar oxunub.

Şəhidin atası Bəhruz İsgəndərov Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib.