Meyitləri götürülən Azərbaycan hərbçilərinin adları açıqlanıb

Mingəçevirdən iki nəfər şəhid olu

Bakı, Zaurə Əmirova, İnteraz - 09 Aprel 2016, 11:25

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan şöbəsinin əməkdaşları Dağlıq Qarabağda, neytral zonada həlak olan hərbçilərin meyitlərinin tapılması və yığılması ilə bağlı əməliyyat keçirib. İnteraz xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə öz facebook səhifəsində həmin hərbçilərdən ikisinin adını açıqlayıb. Deputat bildirib ki, Mingəçevirdən iki nəfər şəhid olub:

“Gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadə 2 aprel tarixində döyüşlərdə həlak olub. Dünən Ermənistan-Azərbaycan cəhhə xəttində Teymurun meyiti Azərbaycan tərəfinə təhvil verilib, Adilin məsələsi isə hal-hazırda həll edilir.

Azərbaycan Universitetinin məzunu Qurbanlı Fəxrəddin Seyfəddin oğlu hərbi xidmətini yerinə yetirərkən Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Universitetinin rəsmi yaydığı məlumata görə, Qurbanlı Fəxrəddin 1994-cü ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakültəsindən məzun olub. Azərbaycan Universitetinin kollektivi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir.

Ermənilərin hücumu nəticəsində şəhid olan əsgər, 1996-cı il təvəllüdlü Firdovsi Əliş oğlu Bağırzadə bu gün anadan olduğu Masallı rayonunun Güllütəpə kəndində torpağa tapşırılıb.

Ermənilərin hücumu nəticəsində şəhid olan əsgər Mahir Mirzəyevlə bu gün Bakının Biləcəri qəsəbəsində vida mərasimi keçirilib.

1997-ci il təvəllüdlü Röyal Nəsirov Tərtər rayonunun Qapanlı kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Cəlilabad rayon Məlikqasımlı kəndində dəfn edilib. Doqquz ayın əsgəri olan şəhid Röyal Nəsirov pulomyotçu kimi düşmənə qarşı vuruşub. Röyal Nəsirovun meyiti dünən ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanından çıxarılıb.

Cəbhədə şəhid olan Azərbaycan Ordusunun əsgəri 1997-ci il təvəllüdlü Dəmirli Altun Fərman oğlu 9 aprel tarixində doğulduğu Şəmkir rayonunun Düyərli kəndində torpağa tapşırılacaqdır. Bu barədə məlumatı Şəmkir Rayon İcra Hakimiyyəti yayıb.

Allah rəhmət eləsin!