“ASAN Könüllüləri Gənclər Təşkilatı” İB-nin Qurultayı keçirilir - Foto

"ASAN xidmət" mərkəzləri bir ilə yaxındır fəaliyyət göstərir

Bakı, Tural Səftərov, İnteraz - 19 Dekabr 2013, 10:52

Bu gün Bakı Biznes Mərkəzində “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin (İB) 1-ci Qurultayı öz işinə başlayıb.

 

İnterAz xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, həmçinin Administrasiyanın Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Gənclər və idman nazirinin müavini İntiqam Babyev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Milli Məclisin üzvü Ceyhun Osmanlı və digər şəxslər iştirak edir.

 

F.Ələsgərov bildirib ki, "ASAN xidmət" mərkəzləri bir ilə yaxındır fəaliyyət göstərir. Bu qısa müddətdə "ASAN xidmət" mərkəzləri əhalinin etimadını doğruldub: “ASAN xidmət" ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının inkorporasiya edilməsidir və ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcək.

 

Bu ideyanın maraqlı cəhətlərindən biri də odur ki, bu xidmətlər şərti müəyyən edilmiş “bir qapı” prinsipi üzrə təqdim ediləcək. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana biləcək. Bu vətəndaşlarımızın fərdi xərclərinin azalmasına, zaman itkisinin aradan qaldırılmasına, şəffaflığın və onların şəxsi rahatlığının təmin edilməsinə imkan verəcək.

 

Bu konsepsiyada əsas prinsiplər kimi operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq müəyyən edilib. Belə ki, vətəndaş mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi sənəd üçün hansı bölməyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənəcək və həmin bölmənin pəncərəsində elektron növbə əsasında gözləyəcək. Mərkəzlərdə yerləşdirilmiş elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdırır. Növbə çatdıqda xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə və əldə etmək istədiyi sənədi qanunverciliklə müəyyən edilmiş müddətlərdə götürə biləcək. Bu ideyanın digər bir maraqlı elementi ondan ibarətdir ki, bu mərkəzlərdə xidmətlər yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçirilir və təqvimin bütün günlərində fasiləsiz olaraq vətəndaşlara açıqdır. Mərkəzlər vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə mərkəzlərinə, internet-kafe, bank, poçt şöbələrinə və sair funksional yardımçı xidmətlərə malikdir.”

 

İnam Kərimov söyləyib ki, bu xidmət insanlar tərəfindən böyük məmnunluqla qarşılanıb. Artıq insanlarımız özlərini "ASAN xidmət"siz təsəvvür edə bilmir. Bu xidmətdə iştirak edən könüllülərin fəaliyyəti isə əvəzsizdir. Biz bunu çox yüksək qiymətləndiririk.

 

Hazırda tədbir davam edir.