BMT-nin işi dünyada baş verən acı hadisələrə təəssüflənməkdirmi?

Oktay Quliyev

redaktor

19 Oktyabr 2016, 10:01

Ötən günlərdə Pan Gi Mun BMT ilə vidalaşdı. Görəsən bu neçə il ərzində BMT-nin sabiq sədri hansı işlər gördü, nə ilə yadda qaldı?

İki dövrə sədrlik edən Pan Gi Mun dünyanı, xüsusilə şərqi bürüyən müharibə və terror böhranında  heç bir iş görə bilməyərək, sadəcə baş verən hadisələrə təəssüf hissi keçirdiyini bildirdi. Görünən odur ki, baş verən hər bir hadisəyə təəssüf hissi keçirmək bu təşkilatın əsas işidir. Lakin böhranın həll edilməsi yolunda atılan heç bir addımları müşahidə etmək mümkün deyil.

Suriya, İraq, Yəmən, Bəhreyn, Fələstin, Nigeriya və digər ölkələrdəki böhrandan miliyonlarla insan əziyyət çəkir, qaçqın sayı durmadan artır, hər gün şəhərlərdə terrakt baş verməkdə, ölkələr səviyyəsində digər ölkələrə təcavüz edilir. Bütün bu acı hadisələri durdurmaq, böhrandan qurtulmaq üçün həll yolları tapmaq əvəzinə, dünyanın ən böyük təşkilatı olan BMT baş verən hər hadisəyə Ağ evin sözçüsü qismində  münasibət bildirmək və təəssüflənməklə kifayətlənir.

Pan Gi Munun Livana səfəri zamanı livanlı müxbirin ona ünvanladığı “Siz Ağ evin sözçüsü, yoxsa BMT katibisiz?” sualına  Pan Gi Mun “Biz Vaşinqtona tabe deyilik, tam müstəqil təşkilatıq. Mən sədri olduğum təşkilata üzv dövlətlərin tapşırığı ilə deyil, təşkilatın nizamnaməsinə uyğun olaraq hərəkət edirəm”, - deyə cavab versə də, bütün təhlilçi və siyasi şərhçilər bunun əksini deməkdədir.

Son vaxtlar Səudiyyə Ərəbistanın Yəmən əhalisinə qarşı apardığı hərbi əməliyyatlarda Yəmən xalqı qətliam edilib. Bütün dəlillər Yəmənə qarşı hücumlarda işlədilən silahların Amerikaya məxsus olduğunu göstərsə də, BMT baş katibi buna münasibət göstərmir. Bu da qrumun Vaşinqtonun bir təşkilatı olduğunu deməyə əsas verir.

Əlbəttə, keçmişdə baş verən hadisələrə əsasən deyə bilərik ki, BMT öz imtiyazlarını itirməkdən qorxduğu üçün Amerikaya qarşı bəyanat verməkdən və onunla müxalifədən çəkinir. 1996-cı ildə İsrailin törətdiyi Qana faciəsinə görə BMT-nin o zamankı baş katibi Peros Qala buna görə Amerika və İsraili sərt ittiham etdiyi üçün, ikinci dövrə katib seçilə bilmədi. Bundan əlavə bu təşkilat bir sıra səlahiyyətlərini itirdi. Bu məsələ indiki katiblərin yadından çıxmadığı üçün, heç bir zaman bu ölkələrə qarşı sərt bəyanatla çıxış etmirlər.

 

 

Böhran və münaqişə məsələlərini hüquqi müstəvidə həll etmək üçün yaradılan BMT indiyə qədər heç bir məsələdə konstruktiv mövqe sərgiləməyib.

 

Eləcə də Qarabağ münaqişəsində, bu vaxta qədər Azərbaycan tərəfinin kəskin etirazından sonra BMT-də Azərbaycanın xeyirinə qətnamə qəbul edilməsinə baxmayaraq, Ermənistan kimi kiçik bir dövlət bu təşkilatın tələbinə məhəl qoymayıb. BMT qətnamələrini icra etmədiyinə görə Ermənistana sanksiyalar tətbiq etmək əvəzinə, status-kvonu dondurulmuş vəziyyətdə saxlamağa və təcavüzkara haqq qazandırmağa çalışıb. Bu da təşkilatın quru bəyanat verməkdən başqa bir işinin olmadığını deməyə əsas verir. 

İndi isə təşkilatın Portuqaliyalı yeni baş katibi yaranmış böhranı, xüsusən Suriya böhranını var gücü ilə həll edəcəyinə söz verdi. İndiyə qədər bütün yeni seçilmiş katiblərdən eşitdiyimiz sözləri təkrar edən yeni katib sələflərindən fərqli olaraq Amerika ilə müxalif cərgədə dayanacaq və böhranın həllində hansısa addım atacaqmı ? Buna inanmasaq da, ümid edək. 

©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

MÜZAKİRƏ

comments powered by Disqus