“Gender hüququ: Qanunvericilik və təcrübə”

Nərgiz Quliyeva

Muxbir

Ətraflı Nərgiz Quliyeva haqqında

05 Noyabr 2016, 16:02

“Gender bərabərliyi özü-özlüyündə bir məqsəd olmasından əlavə, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtlərdəndir”. Bu sözləri BMT-nin baş katibi Kofi Annan deyib.Baş katibin toxunduğu məsələ illər boyu mövcud olub. Sadəcə bəzən gender bərabərliyinin mahiyyətinə varmayanlar olub. Elə isə əvvəlcə açıqlayaq görək gender nə deməkdir? Bu terminin bir neçə tərifi var. Bioloji fərqlər əsasında müəyyənləşdirilən cinsdən fərqli olaraq, gender kişi və qadınların ictimai münasibətlər çərçivəsində rol və vəzifələrini özündə birləşdirir. Ümumiləşdirilmiş şəkildə gender anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulurBelə məlum olur ki, gender insanların cəmiyyətdəki  mövqeyini müəyyənləşdirən əsas faktorlardan biridir. XX əsrin əvvəllərində bu faktoru daha aydın görmək olur. Bilirik ki, təhsil almaq aktual və vacib məsələdir. Amma o dövrdə azərbaycanlı ailələrin əksəriyyətində qızlara evdən kənarda təhsil almaq qadağası şamil edilirdi. Yalnız bəzi ziyalı ailələrində qızların təhsilinə icazə verilirdi. Bu da gender məsələsində özünü biruzə verirdi. Nəhayət, ikinci dünya müharibəsi şəraitində cəmiyyətdə əmək bölgüsünün dəyişməsi gender münasibətlərinə dəyişikliklər gətirdi. Qadınlara tətbiq olunan bir sıra qadağalar aradan qaldırıldı. Onlar təhsil almaq şansını qazandı. Müəllimlik sahəsində ixtisaslaşıb işləmə vəzifəsi kütləvi hala çevrildi. Ölkəmizdə 2012-ci ildə təhsil müəssisələrində oxuyanların 47 %-ni qızlar təşkil edib və təhsil sahəsində çalışanların 68 %-i məhz qadınlar olmuşdu. Artıq  XX əsrin sonuna qədər “gender” anlayışı əməlli başlı formalaşır və onun əsasında qadın hərəkatı durur. Bunun üçün məşhur yazıçılarımız, ictimai xadimlərimiz, böyük maarifçilərimiz qadın təhsilinin ictimai qadağalardan azad olunması yolunda mübarizə də aparıblar.

Hal-hazırda isə qadınlar cəmiyyətdə, iqtisadiyyatda, təhsil, tibb və bir çox sahələrdə mühüm rol oynayırlar. Onlar gələcəyimizin-uşaqların xoşbəxtliyinin təmin olunmasında aparıcı mövqeyə də malikdirlər. Cəmiyyətin idarə edilməsi isə o zaman uğurlu hesab oluna bilər ki, həmin toplumda irqindən, dinindən asılı olmayaraq hər bir şəxsin fərdi potensialının uğurla həyata keçirilməsi üçün əlverişli şərait yaradılsın.

Hüquqşünas Paşa Səfərov bildirir ki, onlara adətən məişət zorakılıqları ilə bağlı müraciət edirlər.” Müraciət edənlərin demək olar ki, çoxu qadınlardır. Onların da müraciətlərinin əsasında həyat yoldaşları tərəfindən müəyyən hüquqlarının pozulması, təzyiqə və yaxud hər hansı bir işgəncəyə məruz qalması kimi şikayətlər durur. İlkin olaraq məişət zorakılığı ilə bağlı qısamüddətli mühafizə və uzunmüddətli mühafizə orderinin alınması mərhələsivar. 1-ci mərhələdə qısamüddətli mühafizə orderinin alınması üçün müvafiq olaraq icra hakimiyyəti orqanlarına müraciət edilməlidir. Zərərçəkmiş şəxsə onun mühafizə olunması üçün bu oreder verilir. Əgər həmin  şəxs ona yenidən təzyiq göstərərsə, o zaman zərərçəkmiş şəxs uzunmüddətli mühafizə orederinin alınması üçün 2-ci dəfə məhkəmə orqanlarına müraciət etməlidir.“

Bəs Azərbaycanla dünya ölkələri arasında  gender qanunvericiliyi ilə bağlı hansı fərqlər mövcuddur? Ümumiyyətlə dünya ölkələri statistikasına nəzər salsaq görərik ki, gender hüququnun pozulması faktlarının olması danılmazdır. Hər bir ölkənin gender hüququnun qorunması ilə bağlı müvafiq daxili qanunvericiliyi mövcuddur. Ölkələr ilə yanaşı beynəlxalq təşkilatlar da bu sahədə maraqlıdır. Məsələn, Birləşmiş Millətlər Təşkilatının qadınlar üçün inkişaf fondu fəaliyyət göstərir ki, sırf bu fondun məqsədi gender bərabərliyinə xidmət etməkdir. Əksər ölkələr həmçinin Azərbaycan da BMT-nin bu fondu ilə müvafiq saziş imzalayıb və bu sazişdə də gender bərabərliyi mühüm yer tutur. Azərbaycan respublikasının 10 oktyabr 2006-cı il tarixli gender bərabərliyinin təminatı haqqında qanunu mövcuddur. Bu qanunda kişi və qadın bərabərliyi, onların bərabər hüquqa malik olması, bu hüquqlarının həyata keçirilməsinin bərabər təminatı, cəmiyyətdə bərabər sosial vəziyyətə malik olması müvafiq olaraq nəzərdə tutulub.

Müşahidələr isə göstərir ki, ölkəmizdə qadınlar kişilərlə eyni hüquqlara malik olsalar da bəzən kişilərə təklif olunan imkanlar qadınlar üçün eyni dərəcədə əlçatan olmur. Baxmayaraq ki, qadınlar siyasətdə və biznesdə iştirak edir, müsbətə doğru  dəyişikliklər baş verir. Xüsusilə də bölgələrimizdə. Əsas məqsəd bölgələrdə qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması və qərar vermədə onların hüquq və rollarının artırılmasıdır. Bölgələrdə  qadınlar gender bərabərliyi haqda o qədər dəbilgiyə malik deyillər. Həmçinin rayonlarda kişilərin də maarifləndirilməsinə ehtiyac var ki, bu, onların düşüncə tərzinin dəyişməsinə təsir göstərsin.Belə ki,  rayonlarda qadınlar hələ də ictimai problemlər ucbatından, məsələn, zorakılıq, siyasi və iqtisadi həyatdan sıxışdırılma, işəgötürmədə ayrı-seçkiliklər səbəbindən kişilərlə eyni imkanlara malik deyillər.

Ölkəmizdə  dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır.Hazırda ölkədə 20 doğum evi, 138 qadın məsləhətxanası, 251 uşaq poliklinikası və ambulatoriyası onların sağlamlığını qoruyur. Ölkənin sosial-iqtisadi həyatında aktiv iştirak edən azərbaycanlı qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 %-dir.Hal-hazırda Azərbaycanda qadın siyasəti dövlət səviyyəsində vacib hesab olunur və ölkəmizdə qadınların rolu getdikcə artmaqdadır.

Gender probleminin həll edilməsi məqsədilə bir sıra tədbirlər keçirilməkdədir. Nümunə olaraq deyə bilərik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və onun səmərəli fəaliyyəti nəticəsində genderlə bağlı bir çox problemlər aradan qalxmaqdadır.Qeyd edək ki, Azərbaycan 1992-ci ildə "Qadınların siyasi hüquqları haqqında" Konvensiyaya, 1995-ci ildə isə "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyaya qoşulub. Bu istiqamətdə atılmış ən böyük addımlardan biri isə konstitusiyada kişi və qadınlara bərabər hüquq və imkanların təmin edilməsidir.Bildirək ki, Azərbaycanda qadın və kişilərin bərabər hüquq və imkanları ölkə Konstitusiyasında öz əksini tapıb.

Gender bərabərsizliyinin doğurduğu fəsadlara gəlincə isə ilk növbədə mədəni dəyişikliyə ehtiyac var. Bu dəyişiklik isə təhsil ocaqlarında,  ailələrdə maarifləndirmə vasitəsilə həmçinin mətbuatın  bu sahəyə tam cəlb olunması ilə mümkündür. Gender stereotipləri dəyişmədikcə  ayrı-seçkilik də davam edəcək.

Qeyd edək ki, yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) elan etdiyi “Gender hüququ: qanunvericilik və təcrübə” mövzusuna dair müsabiqə üçün təqdim olunur.

©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

MÜZAKİRƏ

comments powered by Disqus