Xalqın iradəsi, çağırışı ilə hakimiyyətə qayıdan rəhbər

Nərgiz Quliyeva

Muxbir

Ətraflı Nərgiz Quliyeva haqqında

26 Noyabr 2016, 12:09

 “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması ondan da çətindir”. Bu sözlərin müəllifi müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində vətənpərvərliyi, alicənablığı, səmimiyyəti və ən əsası sadəliyi ilə unudulmaz izlər buraxıb. Hər bir kəs öz vətəni, yaşadığı məkan ilə tanınır. Lakin elə şəxslər də var ki, onlar öz vətənini dünya miqyasında tanıtdırır.Onlar seçilmiş şəxsiyyətlər sayılır. Məhz belə şəxsiyyətlərdən biri də ümumilli lider Heydər Əliyevdir. Onun Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub. Ümumilli liderin ölkənin inkişafı üçün gördüyü işlər xüsusilə də 1969-1982-ci illər milli özünüdərkin, təmin olunmasında xüsusi rola malik olub. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”- Vətənimiz Azərbaycanın qurucusu Heydər Əliyevin bu sözlərini hər birimiz deyir və fəxr edirik. O, Azərbaycanın yeni bir əsrə qədəm qoyan yoluna parlaq işıq saçan böyük və təkrar olunmaz dövlət xadimi idi. Öz doğma vətənini dünyaya tanıtdırdı.

Müxtəlif siyasi şəraitdə hakimiyyətdə olmuş Heydər Əliyev həmişə xalqını düşünüb, onların dərdinə şərik olub, öz dərdi kimi qəbul edib. Bu gün hər birimizə gün kimi aydındır ki, Azərbaycanın inkişafı tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. 1993-cü ildən etibarən ümumilli liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasının həyata keçirilməsi nəticəsində ölkəmiz məhv olmaq təhlükəsindən xilas oldu və inkişaf edən bir dövlətə çevrilib. Yalnız xalqın iradəsi, çağırışı ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında dəyişikliklərin başlanğıcını qoyub.Az bir zaman kəsiyində vətəndaş müharibəsinə son qoyulub, dövlətçiliyə meydan oxuyan silahlı birləşmələr ləğv edilib. Azərbaycanın xarici siyasəti milli maraqlarımıza uyğun olaraq yenidən qurulub, uğurlu neft strategiyası müəyyənləşdirilib tətbiq edilməyə başlanılıb. Ən əsası Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edilib. Bununla da Azərbaycanın gələcək inkişafını şərtləndirən hərtərəfli şərait yaradılıb. Şübhəsiz ki, bütün bu görülən işlər heç də asan başa gəlməyib. Təbii ki, ölkəmizin inkişafını gözü götürməyənlər də az olmayıb. Nəhayət Heydər Əliyevin balanslaşdırılmış xarici siyasətinin bəhrəsi olaraq nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildik. Ən əsası uğurlu neft strategiyası, eləcə də həyata keçirilən siyasi və iqtisadi islahatlar bir çox ölkələri cəlb edib.

1994-cü ildə Bakıda “Əsrin müqaviləsi” adlı bir saziş imzalanıb. Ölkəmizin "Əsrin müqaviləsi"ndən başlanan uğurlu yolu haqqında Heydər Əliyev demişdir: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir". Həmçinin Bakı-Tbilisi-Ceyhan Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi, Böyük İpək Yolunun bərpası üzrə konkret addımar atılıb. Heydər Əliyev strategiyasına uyğun olaraq, neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında mühüm rol oynayıb.Bütün bu nailiyyətlərin qazanılmasında Heydər Əliyev imzasının misilsiz rolu olub. Beləliklə ulu öndərin strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi –dinamik inkişaf dövrü başlanıb.1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 %, sənaye məhsullarının həcmi 22,4 %, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə artıb. Ulu öndər neft gəlirlərinin gələcək nəsillərə saxlanılması məqsədilə Dövlət Neft Fondunun yaradılmasına da müvəffəq olub.

Ötən dövrdə ulu öndərin bilavasitə iştirakı ilə Bakıda, həmçinin dünyanın bir çox aparıcı dövlətlərinin paytaxtlarında - Vaşinqton, Moskva, London, Parisin möhtəşəm saraylarında xarici ölkələrin neft şirkətləri ilə 21 neft sazişi imzalanıb. Nəzərinizə çatdıraq ki, bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdu. Bu məbləğdən 4,5 milyardı artıq ölkəmizə investisiya şəklində qoyuldu.Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən birini də Azərbaycan neftinin dünya bazarına nəqli təşkil edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilib, aparılan danışıqlar uğurla nəticələnib.

İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir deyən Heydər Əliyev məhz iqtisadiyyatın dirçəldilməsi nəticəsində Azərbaycanın inkişafına nail olub.İqtisadiyyatda aparılan islahatlar dövlət büdcəsinin gəlirlərinin artmasına, ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasına imkan verib. 2002-ci ildə dövlət büdcəsinin gəlirləri 1993-cü illə müqayisədə 85 dəfə, xərcləri isə 72 dəfə artıb. Onun təşəbbüsü ilə 2001-ci ildə paytaxtımızda bütün dünya azərbaycanlılarının I qurultayı keçirilib. Qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvləri müəyyənləşdirilib və Heydər Əliyev Şuranın sədri seçilib. Qurultayın keçirilməsində əsas məqsəd xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, həmçinin dünya azərbaycanlıları arasında vəhdətin, həmrəyliyin təmin olunması idi. Bundan başqa Ədliyyə Nazirliyinin dövlət struktutu kimi təşəkkül tapması da Heydər Əliyevin adı ilə bağlıdır. Bir sözlə Azərbaycana 30 ildən artıq bir müddətdə başçılıq etmiş ümummilli lider həm ictimai-siyasi, həm də iqtisadi sahədə həlledici addımlar atıb.

Qeyd etmək yerinə düşər ki, Heydər Əliyevin xalqı qarşısında ən böyük xidmətlərindən biri də öz siyasi varisi İlham Əliyevi yetişdirməsidir. Cənab İlham Əliyev elə ilk gündən Heydər Əliyevin siyasi kursunu qəti və prinsipial mövqeyi ilə davam etdirir. Az bir zaman ərzində əhalinin sosial rifahının yaxşılaşmasında işlər görülüb, hər bir vətəndaşın hüququna hörmətlə, diqqətlə yanaşılması bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoyulub. İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin bütün dünyada uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak edib, ölkəyə investisiya axınında mühüm rol oynayıb.

İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir. Ən əsası o, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Bizim vəzifəmiz isə ulu öndərin ideyalarının inkişafı və ölkəmizin tarixində böyük uğurların yazılması üçün cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməkdən ibarətdir.

Qeyd edək ki, məqalə Dünya Türk Gənclər Birliyi İctimai Birliyi və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə birlikdə təşkil etdiyi müsabiqə üçün nəzərdə tutulur.

©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

MÜZAKİRƏ

comments powered by Disqus