Taksilərə qarşı keçirilən reydin pərdəarxası məqamları

İlkin Nadirov

Aparıcı, müxbir

02 Dekabr 2016, 14:02

Əvvəlki illərdə dəfələrlə taksi sürücülərinə qarşı Dövlət Avtomobil Nəqliyyatı xidməti tərəfindən keçirilən reydlərin üst-üstə 12-sində iştirak etmişəm.

Yəni özümü bu sahədə təcrübəli hesab edə bilərəm. Sözün açığı, həmin reydlərdə o qədər nəqliyyat müfəttişləri ilə sağa-sola qaçırdıq ki, işə yerinə qayıdıb materialımı hazırlamağa taqətim qalmırdı. Üstəgəl, reydlər çox gərgin keçirdi, özünü mikro-avtobusun altına atan kim, taksiyə təpik vuran kim, avtomobilin 50 santimetrlik pəncərəsindən özünü salona zorla atan kim...

Bir söz, bu “qəhrəmanlıqları” nəqliyyat müfəttişləri edirdi. Reyd səsli-küylü, dinamik, davalı-şavalı keçərdi. Haqq nazilər, amma qırılmaz deyirlər. Gün gəldi, Nəqliyyat nazirliyi yanında DAN xidməti ləğv olundu. Əvəzində daha peşəkar və daha mədəni bir qurum- Bakı Nəqliyyat Agentliyi yaradıldı. Bir neçə gün öncə agentlikdən telefonuma zəng gəldi və bildirildi ki, taksi sürücülərinə qarşı BŞDYP ilə birgə reyd keçiriləcək. Bizi, reydə dəvət etdilər. Operatorumuzdan xahiş etdim ki, ayağına idman ayaqqabısı geyinsin, kameranın ştativin götürməsin, çünki qaçdı-tutdu olacaq. Bəli, reyd başlayana qədər ən azı belə düşünürdüm. Lakin, hər şey heç də göründüyü kimi deyildi. Bu reydi əvvəlki illərdəki reydlərdən fərqləndirən əsas əlamət şiddətin və aqressiyanın olmaması idi. Konkret desək, reyd maarifləndirici xarakter daşıyırdı və taksi fəaliyyəti ilə məşğul olan sürücüləri onların hüquqları, vəzifələri barədə məlumatlandırmaq idi.

Ötən ilin aprelində 20 yanvar dairəsi ətrafında taksilərə qarşı keçirilən reyddə sürücülərin öz dilləri ilə desək “qənimi” olan, taksi fəaliyyəti göstərən avtomobilə tullanaraq təpik vuran və bununla da kameraların obyektivinə tuş gələn xidmətin keçmiş əməkdaşı Əmrah Cəfərov da reyddə iştirak edirdi. Amma bu dəfə tam fərqli. Mədəni şəkil sürücüyə yaxınlaşılır, sənəd tələb olunur, sənəddə düzgünlük yoxdusa, ona izah olunur və sürücü aidiyyatı üzrə yönləndirilir. Bir söz, əvvəlki reydlərdən fərqli olaraq, məşhur cizgi filmindəki kimi nə Tom qovur, nə də Cerri qaçırdı. Çünki, maarifləndirici tədbir Bakı Nəqliyyat agentliyinin rəsmiləri səviyyəsində təşkil olunmuşdu və heç şübhəsiz bu reydə əsas nəzarəti qurumun sədri Vüsal Kərimli həyata keçirirdi.

Reyddə maraqlı olan daha bir məqam biz jurnalistlərin suallarının cavabsız qalmaması idi. Qurumun mətbuat katibi Nuridə Allahyarova, Bakı şəhər Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Vaqif Əsədov reydin yekunu olaraq jurnalistlərin suallarını cavablandırdılar. Cavablar isə nə şablon idi, nə də ki, əzbər. Təxminən 1 saat çəkən reyddə bir məqamı sezməmək mümkün deyildi. Bir qurumun rəhbərinin işini görmək istəyirsənsə, ən siravi işçisini izlə yetər. 5 barmağın hər biri fərqli olsa da, bilək möhkəm və təmizdir.

©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

MÜZAKİRƏ

comments powered by Disqus