Bütün ömrünü xalqına xidmətə həsr edən dahi şəxsiyyət

İlkin Nadirov

Aparıcı, müxbir

10 Dekabr 2016, 10:13

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı.

İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı .Xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Və başladı....Azərbaycanlı olması ilə fəxr edərək, ömrünün bundan sonrakı hissəsini xalqına həsr edəcəyinə söz verərək, son nəfəsinə qədər Azərbaycan adlı məmləktin yükünü çiyinlərində daşıdı...

Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Elə bir sahə yox idi ki, onunla maraqlanmasın, diqqət ayırmasıln, islahat aparmasın. Hamıya, hər şeyə vaxt tapırdı....

Heydər Əliyev SSRİ dövründə və müstəqil olduqdan sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirirdi. Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik edərkən onu narahat edən məsələlərdən  biri də hərbi kadrların çox az olması idi. Hələ Çar Rusiyası dövründə azərbaycanlıların azadlıq eşqinin məhv edilməsi üçün gənclər hərbi xidmətə cəlb edilmir, onlara mübarizə əzmini unutdurmağa çalışırdılar. Bu siyasət sovet hökuməti dövründə də davam etdirilirdi. Ancaq ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli hərbi kadrların hazırlığı məsələsi daim ön plana çəkildi.  Ümummilli lider 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. O vaxt SSRİ-də iki belə məktəb vardı: Naximov və Suvorov adına hərbi məktəblər. Üçüncü belə məktəbin Azərbaycanda yaradılmasının böyük əhəmiyyəti vardı. Bu gün məktəbin məzunları arasında yüksək rütbəli zabitlər, generallar var. Eyni zamanda Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcə də SSRİ-nin digər məktəblərində oxuması üçün tədbirlər gördü. Heydər Əliyevin SSRİ dövründəki ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini vermişdir.

Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərək Heydər Əliyev iki halı xüsusi qeyd edirdi: "Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik".

Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlanıldı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, ulu öndər digər sahələrdə olduğu kimi bu sahədə də köklü dəyişikliklərin aparılması üçün yeni imkanlar yaratdı. Bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.

Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. O, özü belə deyirdi: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.

“Xalq bir çox xüsusiyyətlərilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu sözlərin müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Azərbaycanın müstəqilliyinin ilk illərində mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bu sahənin tərəqqisinə yeni təkan verdi.
Beləliklə də, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıtdırılması dövrü başlandı.
Heydər Əliyevin həyatı təkcə işdən ibarət deyildi təbii ki. Onun qeyri-rəsmi söhbətlərində də bir daha nümunəvi insan olurdu Heydər Əliyev. Uşaqla uşaq, böyüklə böyük kimi davranırdı. Sadəliyi, mehribanlığı ilə hamının ürəyinə yol tapırdı. Bir dəfə tədbirlərdən birində Azərbaycan şerini dedi Heydər Əliyev. Onu hələ indiyə kimi belə kövrək görən olmamışdı. “Azərbaycan” deyəndə səsi titrəyirdi Heydər Əliyevin....

İşlərinin çoxluğu ucbatından övladlarına toy edə bilməmişdi Heydər Əliyev.İştirak etdiyi toylardan birində özü demişdi bunu. Məclisdə qol qaldırıb oynaması bütün toy əhlini təəccübləndirmişdi. Heydər Əliyevin mahnı oxuması, rəqs etməsi, zarafatları onun daxili zənginliyindəın xəbər verirdi. O, bir sözlə hərtərəfli, mükəmməl bir insan idi... O, təkcə dahi siyasətçi, xalqın lideri deyildi. Heydər Əliyev həm də gözəl ailə başçısı idi. Bir oğlu və bir qızın atası idi. Ailəsinə ayırdığı zaman dilimini ömrünün ən gözəl dəqiqələrindən hesab edirdi.

Ömür gün yoldaşı Zərifə xanım haqqında həmişə məhəbbətlə danışardı.

80 illik ömürü 2003-cü il dekabrın 12-də başa vurdu. Vəfat etdiyi gün gecəykən prezident İlham Əliyev ölkədə 7 günlük matəm elan olunması ilə bağlı sərəncam imzaladı. Xalq öz rəhbərini son mənzilə yola saldı. Amma unutmadı. Çünki o, həmişə var. 

©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

MÜZAKİRƏ

comments powered by Disqus