Çənlibelin Buz gölü

Ülkər Qasımova

Müxbir

05 Yanvar 2017, 12:15

Çənlibel deyən zaman lap uşaqlıqdan ağlıma Koroğlunun Çənlibeli gəlirdi. İndi danışacağım Çənlibel isə, yox-yox Koroğlunun Çənlibeli deyil. Qubanın II Nügədi kəndində yerləşən Çənlibel gölüdür. Bu məkanın gözəlliyini sadəcə görmək lazımdır.



Görəndə, sözün həqiqi mənasında, təəccübləndim. Çünki, dekabr ayından donan göl ilk baxışdan buz meydançasını xatırladır.



Gölə yaxınlaşan zaman diqqətimi çəkən ilk şey isə – göldə çimmək qəti qadağandır - yazılı lövhə oldu. Hər halda çimmək qadağandırsa, demək ki, bu gölün əməlli başlı dərinliyi var.





Bəs, görəsən, çimənlər olurmu burada? Suallarım çox idi, maraq dolu baxışlarla yaxınlaşdım göl kənarında təmizlik işləri görən rayonun II Nügədi kənd sakini Ədalət Ağaliyevə.





Və başladıq söhbətə... Kənd sakini deyir ki, göl 1972-ci ildə süni şəkildə yaradılıb. Dərinliyi 20-25 metr olan gölün dibində 50-ə yaxın bulaq var. Suyu isə şirindir. Lakin gölün suyundan içmək üçün yox, bağları, həyətləri sulamaq üçün istifadə edilir.





45 yaşlı kənd sakini Zülfi İsmayılov isə deyir ki, göl ərazilərin  suvarılması məqsədi ilə yaradılıb. Burda farel, çay balğı olan qusac, nərə, sazan, karas, dələmur balıqları var. Balığı tutmağı, yeməyi sevənlər nə zaman istəsələr göldən balıq tuta bilərlər. Hətta, buz olmasa qışda da mümkündür bu.





Lakin göl mart ayına kimi, bax belə, buz olur. Deyirlər ki, bu gözəlliyi görməyə gələnlər arasında şərtlərə əməl etməyib buzun üzərinə çıxıb, şəkil çəkdirənlər, əylənənlər də olur. Amma bu hər an təhlükə deməkdir. Çünki, göl yay aylarında üzməyi bacaran insanları belə udub.



Quba rayonunda adı Nügədi olan 2 kənd var. I Nügədi kəndi, II Nügədi kəndi. Kənd sakinləri deyir ki, bu dədə-babadan qoyulan adlardır. Kəndləri bir-birindən ayıran bircə çay var. Hər 2 kəndin əhalisi, əsasən, əkinçilik, meyvəçilik və heyvandarlıqla məşqul olur. Çənlibel gölünün yerləşdiyi II Nügədi kəndi isə qədim və böyük kəndlərdəndir. Burada hal-hazırda 12 min əhali yaşayır. 3700 ev var.

Quba dediksə, almadan danışmamaq, necə deyərlər, günah olar. Elə bəhs etdiyimiz II Nügədi kəndi də, öz alması ilə məhşurdur. Dadından doymadığımız palment, qızıl əhməd, cırhacı, yaponka adlı alma bağları bu kəndin də bəzəyidir.

©
Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.
!
Redaksiya materiallarda ayrı-ayrı şəxslərin fikirlərinə və yazılan şərhlərə görə məsuliyyət daşımır.

MÜZAKİRƏ

comments powered by Disqus