FİFA-nın mükafatlandırma mərasimində 100 min dollarlıq saatlar oğurlanıb

Saatların ümumi dəyərinin təxminən 100 min dollar olduğu açıqlanıb

  • 1

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 16:12

FİFA-nın 2016-cı ilin ən yaxşılarını mükafatlandırdığı “The Best” mərasimində yaşanan bir hadisə böyük əks-səda doğurub.

İnterAz “Haberler”ə istinadən xəbər verir ki, təşkilatın sponsorlarından biri olan məhşur saat şirkəti “Hublot”un mərasim üçün xüsusi olaraq hazırladığı 6 saat oğurlanıb.

Mərasimdə mükafat qazananlara verilmək üçün dizayn edilən “Hublot Big Bang” markalı saatlar FİFA mərkəzi və TV studiaları arasında olan bir yerdə itib.

Saatların ümumi dəyərinin təxminən 100 min dollar olduğu açıqlanıb. Firmanın bir rəsmisi “Saatların vəziyyətini araşdırırıq”, - deyib.

İsveçrə polisi isə təhlükəsizlik kamerasını araşdırmaya start verib.

Qeyd edək ki, FİFA-nın mükafatlandırma mərasimində Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo rəqiblərini qabaqlayaraq, 2016-cı ilin ən yaxşı futbolçusu adına layiq görülüb.